Medvedyevin Qarabağın statusu ilə bağlı açıqlamasına POLİTOLOQ RƏYİ
"Medvedyevin məlum açıqlaması Rusiya prezidenti Vladimir Putinin açıqlamalarının davamıdır. O da Qarabağda status məsələsinin həll olunmadığını, ona görə də mövcud status-kvonun davam etdiyinə dəfələrlə işarə edib”.
Bu sözləri Sfera.az-a açıqlamasında Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyevin Qarabağın statusu məsələsini gündəmə gətirməsinin arxasında hansı məqsədin dayandığına aydınlıq gətirərkən politoloq Natiq Miri deyib:
"Gələcəkdə Yerevan Qərbə inteqrasiya siyasətində israr edərsə, bu Rusiya qoşunlarının Ermənistandan çıxarılması anlamına gələcək.Ona görə də Moskva Qarabağ konfliktinin birdəfəlik həllində maraqlı deyil. Bu səbəbdən Rusiya rəsmiləri status məsələsinin həll olunmadığını gündəmə gətirməklə dolayısı ilə münaqişənin davam etdiyinə işarə vurur”.
N. Miri düşünür ki, bu kimi açıqlamalar Azərbaycana təzyiq göstərmək məqsədi daşıyır: "Qarabağ probleminin mövcudluğu həm də Rusiya qoşunlarının Azərbaycanda qalması anlamına gəlir. Bunun özü gələcəkdə ciddi mübahisə predmetinə çevrilə bilər. Erməni qaçqınlarının Qarabağa qaytarılması 10 noyabr sənədində göstərildiyi kimi, BMT-nin Qaçqınlar üzrə Baş Müfəttişliyinin nəzarətilə baş tutmalı olsa da, gördüyümüz kimi, proses nəzarətsiz həyata keçirilir.
Bunun nəticəsidir ki, bu gün də Xankəndinin mərkəzindəki əksər biznes strukturları Suriya və digər ərəb ölkələrindən gəlmiş erməni ailələrinə məxsusdur. Bu isə Qarabağda ermənilərin sayını süni şəkildə artırmağa xidmət edir: "Rusiya da bunda maraqlıdır. Çünki Qarabağda ermənilərin çox olması Moskvanın Azərbaycanda varlığına zəmin yaradır".
ElçinSfera.az






