“Ya öz ərizələri ilə istefa versinlər...” – Bəzi icra başçıları vəzifəsinin öhdəsindən gələ bilmir
"Yerli idarəetmə sistemi təkmilləşməlidir”.
Bu sözləri Sfera.az-a açıqlamasında Şəhid və əsgər ailələrinə qarşı kobud rəftarı ilə gündəmə gələn bəzi icra başçılarından şikayətlərin artması fonunda yeni kadr islahatlarının aktuallaşdığına toxunarkən Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib:
"Azərbaycan Prezidentinin yerli və mərkəzi icra hakimiyyətləri orqanları qarşısında böyük bir mesajı var. Mahiyyət ondan ibarətdir ki, hər bir məmur xalqın xidmətçisi olmalıdır. Eyni zamanda, dövlətin verdiyi resurslardan istifadə edərək, qanun çərçivəsində əhalinin problemlərinin həllinə çalışmalıdırlar.
Kimsə bu funksiyanın öhdəsindən gələ bilmirsə, bunun iki yolu var: Ya öz ərizəsilə vəzifəsindən istefa verməli, ya da vəzifədən azad edilməlidir. Hər hansı vəzifəli şəxs tərəfidən Qazilərimizə, Şəhid ailələrinə, müharibə iştirakçılarına münasibətdə laqeydlik varsa, bunlar araşdırılmalı, belə hala yol verən məsul şəxslər məsuliyyətə cəlb edilməlidir”.
Həmsöhbətimiz qeyd etdi ki, imkanları məhdud olan icra nümayəndələri bununla bağlı daha yuxarı instansiyalara, cəmiyyətə müraciət edə bilər:
"Düzdür, istənilən yerli icra hakimiyyətinin imkanları hədsiz də deyil. Amma bu imkanlara malik deyillərsə, yuxarı instansiyalara, habelə cəmiyyətə müraciət edə bilərlər. Müharibə iştirakçılarının qayğılarına adekvat münasibət bəsləməyən kobud məmurlar birmənalı olaraq məsuliyyətə cəlb olunmalı, onlar peşəkar, işinə məsuliyyətlə yanaşanlarla əvəzlənməlidirlər”.
Müsahibimiz hesab edir ki, idarəetmə və nəzarət prosesində ciddi problemlər mövcuddur: "Necə olur ki, bu institutun yerlərdəki bəzi nümayəndələri tutulur, amma onlara nəzarət edənlər məsuliyyətə cəlb olunmurlar? Çıxış yolu yerli idarəetmə sisteminin təkmilləşdirilməsidir. Bunun üçün ictimai müzakirələr də aparılmalı, maraqlı tərəflər prosesdə iştirak etməlidir”.
Elçin
Sfera.az






