Logo

Azərbaycanda regionlar üzrə ixtisaslaşma necə bərpa olunacaq? – İllər sonra yaranan fürsət

Azərbaycanda regionlar üzrə ixtisaslaşma necə bərpa olunacaq? – İllər sonra yaranan fürsət
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
İqtisadi inkişafda və məşğulluğun artırılmasında səmərəliliyin əldə edilməsi üçün məhsul istehsalı sahələrinin regionlar üzrə ixtisaslaşdırılması vacibdir. Bu məsələnin aktuallığı iqtisadiyyatın kənd təsərrüfatı və sənaye sahələrində özünü daha qabarıq şəkildə biruzə verir.

Regionların kənd təsərrüfatı məhsullarının istehsalı üzrə ixtisaslaşması ölkəmizdə daha çox müzakirə edilən məsələdir. Bütün iqtisadi və elmi yanaşmalarda regionlar üzrə ixtisaslaşmanın əhəmiyyətli olduğu vurğulanır. Aqrar sahədə böyük uğurlar qazanan ölkələrin hər biri ixtisaslaşma yolunu keçib.

İxtisaslaşmaya əhəmiyyət verilməsi onun elmi əsaslarının olması ilə əlaqədardır. Kənd təsərrüfatını öyrənən elm sahələri tələb edir ki, hər bir regionda istehsal ediləcək kənd təsərrüfatı məhsulunun adı kiminsə arzusu ilə yox, elmi təcrübə əsasında müəyyən edilməlidir. Məhz elmi əsaslarla aparılan bölgü ixtisaslaşmaya gətirib çıxarır.

Sfera.az bildirir ki, ölkəmizin ərazisinin 20 faiz hissəsinin işğal edilməsi onun regionları arasında ixtisaslaşmanın tam həyata keçirilməsinə imkan vermədi.

Ölkəmizdə 10 iqtisadi rayon mövcuddur və onlar çoğrafi xüsusiyyətlərinə görə ixtisaslaşdırılıb.İşğal nəticəsində iqtisadi rayonlardan Kəlbəcər-Laçın tam, Yuxarı-Qarabağın əksər hissəsi Azərbaycanın nəzarətindən çıxmışdı. Buna görə də həmin iqtisadi rayonlar üzrə əvvəllər mövcud olan kənd təsərrüfatı və sənaye potensialı digər regionların hesabına təmin edilməyə başlanıldı. İşğala məruz qalan rayonlardan köçkün düşən insanlar digər rayon və şəhərlərdə məskunlaşdığı zaman əmək fəaliyyətlərinə ixtisaslaşdıqları sahələr üzrə davam etdilər. Bu məcburi dəyişmə onunla nəticələndi ki, iqtisadi regionlarımızda ixtisaslaşma pozuldu. Nəticədə ölkəmizdə əhalinin işlə təminatı çətinləşdi, sənayeləşmə əsasən Bakı və onun ətrafında baş verdi, kənd təsərrüfatı sahələri isə əvvəlki ixtisaslaşmadan fərqli şəkildə inkişaf etdi. İxtisaslaşmanın zədələnməsi ona gətirib çıxartdı ki, ölkəmizdə istehsal çeşidliliyi azaldı, müəyyən məhsullar üzrə daha çox istehsal olduğu halda, digər məhsullar üzrə istehsalda yetərli nəticələr əldə edilmədi.

Sentyabrın 27-dən başlanan və 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Kəlbəcər-Laçın iqtisadi rayonunun ərazisi tam, Yuxarı-Qarabağ iqtisadi rayonunun ərazinin çox hissəsi işğaldan azad olunub. Məcburi köçkünlərin həmin ərazilərə qayıtmasından sonra, eyni zamanda Naxçıvanla və gələcəkdə Ermənistanla kommunikasiyaların açılması ilə yenidən ixtisaslaşma təmin ediləcək. Bunun hesabına ölkəmizdə zəif istehsal sahələri üzrə istehsal göstəricilərinin yaxşılaşması gözlənilir.

İşğala qədər Yuxarı Qarabağ zonası Azərbaycanın iri kənd təsərrüfatı regionu idi. Əlverişli dağarası və dağətəyi düzənlikləri və hamar səthi yayları olan və yaxşı rütubətlənən Kiçik Qafqazın işğal olunmuş hissəsi kənd təsərrüfatının bitkiçilik və heyvandarlıq sahələrinin inkişafına geniş imkanlar yaradır. Kənd təsərrüfatının tərkibində taxılçılıq, yem istehsalı, üzümçülük, tütünçülük, kartofçuluq, pambıqçılıq, ətlik-südlük heyvandarlıq və xüsusilə qoyunçuluq daha üstün yer tuturdu.

Yuxarı Qarabağın qədimdən inkişaf etdirilən üzümçülük sahəsinə daha böyük diqqət yetirilirdi. Üzümçülük və şərabçılığın inkişafı ilə bağlı olaraq yeni texnikası və şərab zavodları olan ixtisaslaşdırılmış iri təsərrüfatlar yaradıldı.

Regionda yeni əmtəəlik məhsul kimi inkişaf etdirilən sahələrdən biri də tütünçülük idi.

Kəlbəcər-Laçın iqtisadi rayonu isə heyvandarlığın, tütünçülüyün inkişafı baxımından əhəmiyyətli idi. Eyni zamanda burada dağ-mədən sənayesinin inkişafı üçün geniş imkanlar var.

İşğaldan azad edilən regionlarda xüsusən kənd təsərrüfatı məhsullarının istehsalı üzrə ixtisaslaşma təmin ediləcək. Bu üstünlük kənd təsərrüfatı fəaliyyətinin iqtisadi səmərəliliyini artıracaq. Aqrar sahədə böyük uğurlar qazanan ölkələrin təcrübəsi göstərir ki, kənd təsərrüfatı istehsalçılarının iqtisadi fəaliyyətinin səmərəliliyinin təmin edilməsində, onların gəlirinin artırılmasında, sosial müdafisəsində ixtisaslaşmanın mühüm əhəmiyyəti var. İxtisaslaşma düzgün aparıldıqda əkinçilik və heyvandarlıq məhsullarının istehsalı davamlı artır. Bundan başqa, ixtisalaşma iri kənd təsərrüfatı istehsalçılarının yaradılmasına əlverişli şərait yaradır, kənd təsərrüfatı məhsullarının keyfiyyətinin yüksəldilməsinə müsbət təsir göstərir, yüksəkixtisaslı kadrların hazırlanmasını təmin edir. İxtisaslaşdırma düzgün aparıldıqda iş yerlərinin sayı artır, istehsal olunan məhsulun maya dəyəri aşağı düşür, rentabellə işləmə artır.

Beləliklə, Qarabağın işğaldan azad edilməsi, regiona uyğun istisaslaşmanın təmin edilməsi həm heyvandarlıq məhsullarının, həm texniki bitkilərin, həm də meyvə-tərəvəz istehsalının artırılmasına səbəb olacaq. Regionda iqtisadi fəaliyyətin təmin edilməsi sənayenin mədənçıxarma bölməsinin müxtəlif sahələrinin də inkişafına əsas yaradacaq.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR