Elnur Məcidli: “Fransanın iqtidar partiyasının senatorları ermənipərəst layihəyə qarşı çıxırlar”
Sfera.az xəbər verir ki, bunu Fransada yaşayan ictimai fəal Elnur Məcidli öz "Facebook" səhifəsində bildirib. E.Məcidli erməni lobbisinə inanmayan siyasətçilərin də köməyi ilə sözügedən layihənin senat tərəfindən qəbul edilməcəyini qeyd edib:
"İki gündür niyə yazmadığımı soruşan dostlar var, gündəlik iş rejimiylə yanaşı, bu başqarışıqlığının bir səbəbi də "Bruno RETAILLEAU", "Patrick KANNER", "Hervé MARSEILLE", "Éliane ASSASSI" və "Guillaume GONTARD" adlı ermənipərəst, daha çox Fransa ermənilərinin kompakt yaşadığı ərazilərdən seçilən senatorların Fransa senatına Dağlıq Qarabağın müstəqil respublika kimi tanınmasıyla bağlı verdikləri layihədir. Bu senatorların adını ona görə yazdım ki, onları Fransanın ermənipərəst siyasətçiləri kimi bir yerə qeyd edəsiniz.
Təəssüf ki, yuxarıda adı çəkilənlər, onlara səs verən əksəriyyətin problemləriylə məşğul olmaq əvəzinə, bir ovuc separatçının başını çəkdiyi erməni lobbisinin girovuna çevriliblər.
Dünən bu layihədən xəbərdar olduqdan sonra Fransada yaşayan azərbaycanlılar adından öz dostlarımızla etiraz mətni hazırlayaraq senat rəhbərliyinə göndərdik.Bu gün də tanıdığımız, senatorlarla, senatorlara çıxışı olan dostlarımızla gündəlik əlaqəmiz və intensiv olaraq danışıqlarımız davam etdi.
Müstəqil, Fransanın milli maraqlarını düşünən hər bir fransız siyasətçi, millət vəkili, yaxud senator bu qanun layihəsinin nə qədər zərərli olduğunu və Azərbaycan-Fransa əlaqələrinə necə böyük zərbə vuracağını bilməkdədir.
O cümlədən, başda "TOTAL", "SUEZ" kimi Azərbaycanla böyük enerji layihələri həyata keçirən kooperasiyaların da bu cür məsuliyyətsiz senotarların addımlarından narahat olduqlarını bir daha hiss etdim.
Layihə artıq bu gün senatın müzakirəsinə çıxarılıb, bildiyim qədər senatın 5 böyük siyasi qrupu - Respublikaçılar, Mərkəzçilər, Sosialist Partiyası, Fransa Kommunist Partiyası ve Ekolojistlərin İttifaqının bir sıra üzvləri tərəfindən təəssüf ki, layihə dəstəklənməkdədir.
Buna baxmarayaq, Türkiyə əleyhinə sərt ifadələr işlədən və müharibə boyunca erməniləri dəstəklədiyi fikri formalaşan Fransa prezidenti Emmanuel Makronun iqtidar partiyası "LREM"in senatorları isə layihəyə qarşı çıxmaqdadırlar.
Layihə ilə bağlı senatda səsvermə 25 noyabrda olacaq, bu tarixə qədər əlimizdəki bütün imkanlardan və əlaqələrdən istifadə edərək layihənin keçməməsi üçün kiçik də olsa öz töhfəmizi verməyə çalışacağıq.
Yüksək ranqlı dövlət məmurlarıyla, siyasətçiləriylə apardığım dialoqlardan belə nəticə çıxardım ki, bu qədər səs-küyün qarşılığında layihənin keçməsi real görünmür, sadəcə müharibə boyunca gözləniləndən daha passiv mövqe nümayiş etdirdiyi üçün erməni lobbisi tərəfindən ağır tənqid atəşinə tutulan Fransa höküməti və bir qrup siyasətçinin qondarma respublikayla bağlı müzakirələri davam etdirməsi Fransa ermənilərini sakitləşdirmə məqsədi daşıyır.
Xüsusən bu geydirmə layihəni təqdim edənlərin, bu layihənin də Fransanın illərdir mübarizə apardığı dini terrorizmə qarşı olmasını demələri, Türkiyənin rolunu qabartmaları, suriyalı cihadçılarla bağlı iddiaları həqiqət kimi göstərmələri, bəhanə və cılız iftiralardan başqa bir şey deyil. Fransada Azərbaycanı tanıyan, dəstəkləyən, erməni lobbisinin saxta yalanlarına inanmayan siyasətçilərin mövcudluğu əsas motivasiya qaynağımızdır. Daha çox çalışmalı, daha çox yol qət etməliyik. Bu mümkündür və biz bunu da bacaracağıq!".
Aysel
Sfera.az






