“Xüsusilə Fransanın parfümeriya məhsulları...” - AİB sədrindən boykot çağırışlarına reaksiya
Ötən gün Türkiyə prezidenti Ərdoğan türkləri Fransa mallarını boykot etməyə çağırıb. Bu çağırış ölkəmizdə də müsbət qarşılanıb və eyni addımın bizim vətəndaşlar tərəfindən də atılması təklifləri səsləndirilir.
Maraqlıdır, indiki məqamda ölkəmizdə Fransa mallarını boykot edə bilərikmi? Bu hansı qaydada həyata keçirilə bilər?
Məsələ ilə bağlı Sfera.az-a danışan "Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov fransız mallarını hökumət səviyyəsində baykot edilməsinin mümkünsüzlüyünə toxunub:

"Bu mümkün deyil. Belə bir addım hökumətlərarası danışıqlara da ziyan gətirə bilər. Bu hal ancaq ictimai təşkilatlar səviyyəsində reallaşa bilər. Azad İstehlakçılar Birliyi (AİB) olaraq biz çağırış edə bilərik. Lakin bu işdə bizə də dəstək lazımdır. Təəssüf olsun ki, illərdir Beynəlxalq İstehlakçılar Təşkilatının üzvü olan Azad İstehlakçılar Birliyi hökumət qurumları tərəfindən lazımınca qiymətləndirilmir.
Əgər AİB-ə kifayət qədər dəstək verilsəydi, biz də öhdəmizə düşən işi görərdik. Amma indi buna hazır deyilik. Bunun da birinci günahkarı mənəm. Mən təşkilatı lazımı səviyyədə yüksəldə bilməmişəm ki, əhalinin təşkilata tam inamı olsun. İkincisi isə bu quruma mane olan çoxsaylı qüvvələrdir. Dövlət orqanları, biznes qurumlarının hamısı istehlakçılara doğru yönəlməlidir.
E.Hüseynov bəzi fransız məhsullarına Azərbaycnad ciddi tələbatın olduğunu qeyd edib: "Boykot məsələsi vətəndaş cəmiyyəti səviyyəsində həll olunmalıdır. Böyük Mahammata Qandi 500 illik İngiltərə imperiyasının Hindistandakı əsarətinə İngiltərə mallarını boykot etməklə son qoydu. Yəni, bu ənənə artıq mövcuddur.
Fransanın bir neçə brend markalı məhsullarına Azərbaycanda tələbat çoxdur, onların sənaye məhsulları ölkədə satılır. Xüsusilə Fransa parfümeriya mallarına inam çoxdur. Əgər istəsək, onların mallarını boykot edə bilərik. Nəticədə ermənipərəst franszıların pulları ermənilərə getməz. Azad İstehlakçılar Birliyinin Fransada partnyorları var və bizə maddi dəstək göstərilsə Fransa mallarını rahatlıqla boykot edəcəyik”.
Sfera.az
Əzizə Zeynal






