Dilqəm Əsgərovun oğlu: “Cəbhədə vəziyyət pisləşəndən atamdan xəbər yoxdur”
Moskvada Azərbaycan və Ermənistan arasında humanitar atəşkəs əldə edildikdən sonra əsirlərin dəyişdirilməsi məsələsi gündəmə gəlib. Lakin hələ də Beynəlxalq Qırmızı Xaç Komitəsi bu barədə sevindirici xəbər verməyib.
Maraqlıdır, 2014-cü ildə işğal altında olan Kəlbəcər rayonu ərazisində əsir düşən və bu günlərdə dəyişdirilməsi istənilən əsirlər arasında ilk ağıla gələn Dilqəm Əsgərov və Şahbaz Quliyevdən nə xəbər var?
Sfera.az Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərovla əlaqə saxlayaraq əsirlərin dəyişdirilməsi və onlardan xəbərin olub-olmaması ilə maraqlanıb.
"Sonuncu dəfə atamdan və onunla birgə əsir düşmüş Şahbaz Quliyevdən sentyabr ayının əvvəllərində xəbər almışıq. Cəbhədə vəziyyət gərginləşəndən sonra isə onlardan xəbər yoxdur. Humanitar atəşkəs bağlandıqdan sonra Beynəlxalq Qızıl Xaç komitəsinin əməkdaşları ilə əlaqə saxladım. Amma komitə bildirdi ki, əsirlərin dəyişdirilməsi ilə bağlı hələ ki, onlara da xəbər verilməyib”, deyə Kürdoğlu Əsgərov bildirib.
Xatırladaq ki, Ş.Quliyev ilə D.Əsgərov Azərbaycanın işğal altında olan Kəlbəcər rayonu ərazisində əsir düşüblər. Onlar Kəlbəcərə yaxınlarının məzarlarını yad etmək üçün getdiklərini bildirirlər. Erməni tərəfi isə onları qətl və digər ağır cinayətlər törətməkdə ittiham edir.
Sfera.az
Əzizə Zeynal






