Logo

Gənclər Təşkilatları Gəncə hadisələrində niyə aktiv olmadı? - Milyonlar havaya sovrulub?

Gənclər Təşkilatları Gəncə hadisələrində niyə aktiv olmadı? - Milyonlar havaya sovrulub?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Gənclərimiz bu məsələdə təşkilat olaraq aktiv olmasa da, sosial şəbəkədə fərd olaraq aktivlik nümayiş etdirir”.

Sfera.az-a açıqlamasında bu sözləri 2016-cı ildə Avropa Gənclər Paytaxtı, 2019-cu ildə isə Avropa İdman şəhəri statusu alan Gəncədə son günlər erməni vəhşiliyi və terroru nəticəsində baş vermiş qanlı olaylarla bağlı dünya gənclər təşkilatları və idman federasiyalarının məlumatlandırılması yolunda Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatlarının ümumən aktiv olmamalarına münasibət bildirərkən deputat Müşfiq Cəfərov deyib:

"Dünən Gəncə Şəhər İcra Hakimiyyəti adından Avropada yerləşən bir sıra idman federasiyaları və gənclər təşkilatlarına Ermənistanın həyata keçirdiyi raket atəşi nəticəsində şəhərimizin düşdüyü vəziyyətlə bağlı bəyanat ünvanladıq. Həmin bəyanat həmçinin bütün Avropa Gənclər paytaxtlarının merlərinə də ünvanlanıb.

Bəyanatda tələb etmişik ki, onlar ermənilərin törətdiyi bu vəhşiliklər barədə məsələni öz hökumətləri qarşısında qaldırsınlar. Ümid edirik ki, buna reaksiya olacaq. Gənclərimiz bu məsələdə təşkilat olaraq aktiv olmasa da, sosial şəbəkədə fərd olaraq aktivlik nümayiş etdirir. Hazırda Twitterdə gənclərimiz aktivdir. Gəncədəki gənclər təşkilatı "Gələcəyə körpü”, "Odlar Yurdu”, Gəncə Avropa Gənclər Paytaxtı-2016 İctimai Birliyi də bu işə səfərbər olunub. Bu qurumlar tərəfindən Avropakı gənclər şəbəkələrinə və qitənin gənclər təşkilatlarının Milli Şuralarına da məktublar ünvanlanıb”.

Gənclər Təşkilatları Gəncə hadisələrində niyə aktiv olmadı? - Milyonlar havaya sovrulub?

"Hansısa fərdlər bu işdə süni sədlər yaradır”

Bunu isə sayta açıqlamasında sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov dedi: "Bu mövzuya toxunmaqda müəyyən qədər çətinlik çəkirəm. Burada məsələni konkret olaraq gənclərimizin üzərinə atmamalıyıq. Hər birimiz bu məsələdə aktiv olmalı, düşmənin məkirli niyyətlərini dünya ictimaiyyəti qarşısında ifşa etməliyik. Hər halda görürük ki, məlumat qarşısında hansısa fərdlər süni sədlər yaradılır.

İmkan verilmir ki, Gəncədə baş verən olay barədə məlumat dünya ictimaiyyətinə doğru-düzgün çatdırılsın. Ermənilər təbliğatı baxımdan irəli gedərək Gəncədə guya zəlzələ baş verdiyi barədə məlumatlar yayır”.

"Mən onlara cavabdeh deyiləm”

Bu deputat Naqif Həmzəyevin məsələyə münasibətidir: "Gəncə İcra Hakimiyyəti və şəhərdə fəaliyyət göstərən bir sıra QHT-lər adından bu istiqamətdə Avropa ölkələrinin gənclər təşkilatları və idman federasiyalarına bəyanatlar göndərilib. Ancaq onların buna necə reaksiya verəcəyini deyə bilmərik.Onlara təzyiq edə bilmərik, yalnız məlumatlandırırıq.

Onlardan bu istiqamətdə əməli baxımdan nəsə də gözləmirik. Ancaq onlayn vəziyyətdə bu təşkilatlarla görüşlərimiz olub. Bəzələri fərdi qaydada başsağlığı da verib. Azərbaycandakı gənclər təşkilatlarının bu fonda niyə aktiv olmadığı barədə isə onu deyə bilərəm ki, mən onlara cavabdeh deyiləm. Sosial şəbəkələrdə Gəncə şəhər gəncləri, QHT-ləri aktivlik iştirak edirlər. Hadisə olan günü Gəncə həştəqi Twitterdə brendə çevrildi”.

"Yaxşı olaraq ki, hökumət internet məhdudiyyətini aradan qaldırsın ki, informasiya müharibəsində daha aktiv iştirak edə bilək”

Bu sözlər isə ictimai-siyasi xadim Bəxtiyar Hacıyevə məxsusdur: "Tam olaraq sizin fikrinizlə razı deyiləm. Gənclər təşkilatları öz səviyyələrində bu istiqamətdə müəyyən işlər görməyə çalışır. Amma informasiya müharibəsində sistemli iş hiss olunmur. Bu isə iki səbəbdən qaynaqlanır.

Bir problem illər ərzində gənclər sektorunda formalaşan problemlərlə bağlıdır. Ötən illər ərzində müstəqil, müxalifyönümlü gənclər təşkilatları sıxışdırıldı. Ümid yalnız Gənclər və İdman Nazirliyi və ya QHT-lərə Dövlət Dəstəyi ətrafında birləşən gənclərə qalırdı. Onlar da işin öhdəsindən tam olaraq gələ bilmədilər.

Digər tərəfdən, indiki hadisəni dünya miqyasında geniş işıqlandıra bilməməyimizin başqa səbəbi ölkə ərazisində internetin zəif olmasından irəli gəlir. Yaxşı olardı ki, hökumət internet məhdudiyyətini aradan qaldırsın ki, informasiya müharibəsində daha aktiv iştirak edə bilək”.

Gənclər Təşkilatları Gəncə hadisələrində niyə aktiv olmadı? - Milyonlar havaya sovrulub?

"Gənclər təşkilatlarına ayrılan milyonları indiyə kimi boş-boş tədbirlərə ayırmışıq”.

Bu fikirlər Fərqli Vətəndaş Hərəkatının rəhbəri Günel Səfərovaya aiddir: "Bu işdə aktiv olmamalarının səbəblərindən biri odur ki, uzun müddət gənclər təşkilatlarına hökumət tərəfindən yatırılan maliyyə vəsaiti hansısa bilik və bacarıqlara görə deyil,müəyyən səbəblərə görə ayrılırdı. Əksəriyyəti də effektsiz layihələrə ayrılırdı.

Bu istiqamətdə Mili Şuranın fəaliyyəti daha geniş olmalı idi. Təəssüf ki, bunu da hiss etmirik. Yəqin ki, hökumət bu istiqamətdəki səhvlərdən nəticə çıxaracaq”.

"Erməni lobbisi ilə mübarizədə və onlarla aparılan informasiya cəbhəsində uduzuruq”

Bu fikirləri Milli Məclisin deputatı Könül Nurullayeva söyləyib: "Bu gün Azərbaycangənclərinin Gəncədə ermənilərin törətdiyi terrorla bağlı dünya ictimaiyyətini məlumatlandırmaqda o qədər aktiv olmamasının müəyyən səbəbləri var. Düzdür, bu istiqamətdə müəyyən işlər görülüb və görülür. Amma məsələnin kökü ondadır ki, hələ də Azərbaycan tərəfi erməni lobbisi ilə mübarizədə və onlarla aparılan informasiya cəbhəsində uduzur.

Bu səbəbdən verdiyimiz bəyanatlara Avropadakı qarşı tərəflərin dəyərləndirmələri də asan baş vermir. Buna baxmayaraq, hamı kimi Azərbaycan gəncləri və dünya ölkələrində təhsil alan soydaşlarımız informasiya sahəsində səslərini qaldırmalı və prosesdə aktiv olmalıdırlar. Həqiqət bizim tərəfimizdədir”.

Elçin

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR