“Ermənistan 3-5 günə özünü necə bərpa edə bilər?” – Millət vəkili “bu sakitlik müvəqqətidir” deyir
Ermənistanın 30 ilə yaxın bir müddətdə Azərbaycana qarşı qurduğu müdafiə istehkamı Ordumuz tərəfindən 10 gün ərzində dağıdılıb.
Ordumuzun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatı nəticəsində düşmənin minlərlə canlı qüvvəsi və dəyəri fantastik rəqəmlərlə ifadə olunan hərbi texnikası məhv edilib. Bu da öz növbəsində düşmən ölkənin iqtisadiyyatını güclü şəkildə sarsıb.
Ötən gün humanitar atəşkəsin əldə edilməsindən sonra isə bir neçə gün ərzində Ermənistanın yeni güc əldə etməsi ilə bağlı fikirlər dolaşır.
Maraqlıdır, bu qədər ziyana uğramış ölkə bir neçə gün içərisində özünü bərpa edə bilərmi?
Məsələ ilə bağlı Sfera.az-a danışan deputat Rüfət Quliyev atəşkəsin 10 gün davam edəcəyi halda belə Ermənistanın özünə gəlməsinin qeyri-mümkün olduğunu bildirib:
"3-5 günə, hətta 1 həftə və ya 10 günə də heç bir ordunu gücləndirmək mümkün deyil. Texniki vasitəslərin yenidən quraşdırılıb möhkəmləndirilməsi bir neçə gündə alınan məsələ deyil. Əgər onların 30 ilə qurduğu müqaviməti biz 10 günün içərisində sındıra bildiksə inanmıram ki, bundan sonra 10 gün də sakitçilik olsa onlar özlərinə gələ bilməz. Düşünürəm ki, bu sakitlik də müvəqqətidir.
İqtisadiyyat illərlə, on illərlə qurulur. Hər gün 200-300 milyon dollar dəyərində Ermənistanın hərbi sursatlarının Azərbaycan ordusu tərəfindən dağıdıldığını və götürüldüyünü nəzərə alsaq, bunu da 10 günə vursaq, belə çıxır ki, biz onlara 2 milyard dollar dəyərində ziyan vurmuşuq. Bundan başqa onların dağıdılan mövqeləri 100 milyon dollar dəyərə malikdir”.
Deputat bütün sahələrdə Azərbaycanın daha üstün olduğunu belə əsaslandırıb:
"Azərbaycan iqtisadiyyatı Ermənistan iqtisadiyyatından 6-7 dəfə güclüdürsə, bizim qızıl valyuta ehtiyatlarımız 20-25 dəfə onlardan artıqdırsa , o zaman onların iqtisadiyyatında hansı dönüş ola bilər ki?
İnsanlar anlamalıdır ki, bir neçə gün ərzində Ermənistanın özünü bərpası sadəcə nağıldır. Biz diplomatik, hərbi trayektoriyanı dəyişmişik, informasiya məkanında üstünlüyü ələ almışıq.
Prezident də bildirdi ki, biz artıq status kvonu sındırmışıq. BMT-nin Təhlükəsizlik Şurasının qərarları var, Avropa Parlamentinin qərarları, Madrid Prinsipləri var və Ermənistan bu sənədlərə uyğun olaraq addım atmalı olacaq. Azərbaycan da mövcud qətnamə qərarlarına əsasən hazırlanmış sənədə imza ata bilər”.
Sfera.az
Əzizə Zeynal






