"Bu məğlubiyyət Paşinyanın intiharı olacaq"
Bunu Sfera.az-a açıqlamasında Ermənistanın baş naziri Nikol Paşinyanın "Ermənistan Dağlıq Qarabağ münaqişəsində güzəştə getməyə hazırdır" fikrinə münasibət bildirərkən politoloq Nəsimi Məmədli deyib.
Politoloqun fikrincə, bu açıqlama ilə Paşinyan özünü sülhpərvər göstərməyə çalışır:
"İndiki halda Ermənistan üçün cəbhədə vəziyyət mürəkkəb və gərgindir. Belə vəziyyətdə çıxılmaz durumda olan Paşinyan həm öz daxili auditoriyasını sakitləşdirməli, həm də elə etməlidir ki, özünün beynəlxalq arenada az da olsa demokratik yolla hakimiyyətə gələn baş nazir imicinə xələl gəlməsin. Özünü sülhpərvər göstərməyə çalışır. Hazırda Paşinyan təzadlı vəziyyətdədir. Düşmən ordusunun dəhşətli məğlubiyyəti siyasi baxımdan Paşinyanın intiharı olacaq. Beynəlxalq arenada isə haqlı olaraq onun qarşısında BMT qətnamələri və nizamnaməsinə uyğun qəbul edilmiş Azərbaycan ərazilərini tanımadan hansı sülhdən danışdığı barədə suallar qoyulur. Paşinyan məhz bu iki məsələdə çətin durumda qaldığından belə bəyanat verir.
Ermənistan tərəfi birmənalı şəkildə elan etməlidir ki, işğal etdiyi torpaqlar Azərbaycana məxsusdur və işğala son qoymalıdır. Bunun alternativi yoxdur. Bunları etmədən güzəştə getməyə hazır olduğunu deyir. O, hansı güzəştlərdən danışır? Onun güzəşt edə biləcəyin məsələ nədən ibarətdir? Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etməlidir".
Elçin






