Azərbaycanda yaşayan ermənilər təbliğati baxımdan yararlı ola bilərmi? – Ekspert rəyləri
"Təhlükəsizlik baxımından bu məqamdan istifadə etməyimizə lüzum görmürəm. Buna indiki halda heç ehtiyac da yoxdur. Çünki effekti olmayacaq”.
Bu sözləri Sfera.az-a açıqlamasında qardaş Türkiyədə olduğu kimi Azərbaycanda da ölkəmizdə yaşayan erməni əsilli vətəndaşlarımızdan Ermənistana və separatçı rejimə qarşı təbliğati baxımdan istifadə etməyin nə dərəcədə məqbul olmasına toxunarkən təhlükəsizlik üzrə ekspert İlham İsmayıl deyib:
"Etiraf edək ki, Azərbaycanda yaşayan ermənilər televiziya ekranlarında ölkəmizi dəstəkləyən fikirlər səsləndirsələr belə, reallıqda bunun əksini də müşahidə edə bilərik. Ona görə də məhz təhlükəsizlik nöqteyi-nəzərindən indiyə kimi bu istiqamətdə nə könüllü, nə də məcburi şəkildə heç bir iş aparılmır.
Azərbaycan kifayət qədər zərər görmüş, şəhid vermiş ölkədir. Təsəvvür edin ki, Bakıda yaşayan bir erməni televiziyaya çıxıb, işğalçı Ermənistanı lənətləyən fikirlər səsləndirdi. Bir müddət sonra isə həmin erməni küçədə şəhidimizin yaxınları ilə rastlaşır. Həmin erməninin Tv-də hansı fikri səsləndirməsindən asılı olmayaraq, ona münasibətdə şəhid ailəsi tərəfindən tamamilə fərqli münasibətlər ola bilər. Yəni, həmin şəxsin erməni olduğu üzə çıxanda ona münasibətin necə olacağını bilmək olmaz.Odur ki, bu addıma getməyə indi ehtiyac yoxdur. Bu çox süni görünəcək və düşmən də onu qəbul etməyəcək”.
"Bunun üçün Qarabağı azad etmək gərəkdir”.
Bunu isə sözügedən mövzuyla bağlı Milli Məclisin deputatı Fazil Mustafa deyib:
"Hazırkı situasiyada ölkəmizdə yaşayan erməni əsilli Azərbaycan vətəndaşları özlərini erməni kimi təqdim etməkdə maraqlı görünmür. Ona görə də bu məsələdə onların nə dərəcədə fəal olub-olmayacağını söyləmək çətindir. Düşünürəm ki, bu məsələ işlənməli olan bir addımdır. Hər halda belə bir addımın olması təbliğatı baxımdan əhəmiyyətli olardı.
Ölkəmizdə yaşayan ermənilərin Ermənistanın təcavüzkar siyasətini ifşa etmək sahəsində iştirak etmələri üçün Qarabağı azad etmək lazımdır. Onda erməni icması Azərbaycan parlamentində təmsil olunmaqla ölkəmizin maraqlarının müdafiəsində aktiv iştirak edə bilər”.
Elçin
Sfera.az






