“O ki qaldı, Siyavuş Novruzova…” – I Vitse-spiker Əli Hüseynli
Sfera.az xəbər verir ki, bu fikirləri modern.az-a açıqlamasında Milli Məclisin 1-ci vitse-spikeri, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ölkədə elan olunmuş karantin müddətində vəzifəli şəxslərin qaydaları pozmasından danışarkən deyib.
Komitə sədri bildirib ki, AMEA-nın prezidenti Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyevin övladının toy mərasimi cəmiyyətdə haqlı narazılıqla qarşılanıb:
"Çünki əvvəla bu tədbirin təşkilinin özü karantin qaydalarının kobud şəkildə pozulması deməkdir. Həmçinin, tədbir zamanı da bəzi karantin qaydalarının pozulması ilə bağlı məlumatlar KİV-lərdə yer alıb. Bu isə hüquqi məsuliyyət yaradır. O ki qaldı, Milli Məclisin komitə sədri Siyavuş Novruzova, onun da hərəkəti vəzifəli şəxs kimi, İnzibati Məcəllənin təsiri altına düşür. Milli Məclisin növbəti sessiyasında bu məsələyə İntizam komissiyası tərəfindən baxıla bilər”.
Əli Hüseynli bir daha vurğulayıb ki, qanun həm fiziki şəxslər, həm də vəzifəli şəxslərə münasibətdə tətbiq olunmalı, o cümlədən, cəmiyyətdə narazılığa səbəb olmuş həmin tədbirdə iştirak edən digər vəzifəli şəxslərin əhatəsi də müəyyənləşdirilməli və onlarla bağlı da qanuni tədbirlər görülməlidir.






