Tixanovskaya Avropanı Lukaşenkonun qələbəsini tanımamağa çağırıb
Müxalifətdən prezidentliyə namizəd Svetlana Tixanovskaya Avropanı Aleksandr Lukaşenkonun prezident seçkilərindəki qələbəsini tanımamağa çağırıb.
Sfera.az-ın məlumatına görə, onun ingilis dilində Avropa Şurasına ünvanladığı video mesaj YouTube-da yerləşdirilib.
Tixanovskaya bildirib ki, prezident seçimi onun xalqının Konstitusiya hüququdur və xalq öz hüququ uğrunda dinc mübarizə aparır. Avqustun 9-da keçirilmiş seçkilər ədalətli və şəffaf keçirilməyib, nəticələri saxtalaşdırılıb. Etirazçılar döyülüb, həbs edilib və işgəncələrə məruz qalıb.
Eks-namizəd avropalıları son seçkilərin nəticələrini tanımamağa çağırıb, onu da qeyd edib ki, Lukaşenko xalqın və dünyanın gözündə legitimliyini itirib. Tixanovskaya həmçinin xatırladıb ki, hakimiyyətin dinc yolla ötürülməsini asanlaşdırmaq məqsədi ilə Belarusiyanın Milli Koordinasiya Şurasının yaradılması təşəbbüsü ona məxsusdur.
"Hörmətli Avropa liderləri! Sizi Belarusdakı oyanışı dəstəkləməyə çağırıram. Bütün ölkələri beynəlxalq hüquq prinsiplərinə, Belarusun suverenliyinə və belarus xalqının seçiminə hörmətlə yanaşmağa dəvət edirəm”,- deyə, Tixanovskaya bildirib.
Rəsmi məlumatlara görə, Lukaşenko 80, Tixanovskaya isə 10 faiz səs toplayıb. Artıq ikinci həftədir ki, Belarusda amansızlıqla dağıdılan kütləvi etirazlar davam edir. Üç nəfər həlak olub. Avropa Parlamentinin aparıcı partiyaları Lukaşenkonu persona non grata adlandırdıqları ortaq bəyanatlar verib. Avqustun 19-da Avropa İttifaqının Belarusdakı vəziyyətə həsr olunmuş fövqəladə zirvə toplantısı planlaşdırılıb.
Selcan
Sfera.az






