Logo

Elman Nəsirovu qucaqlayıb, ağlamaq istəyirəm – Kəramət Böyükçöl

Elman Nəsirovu qucaqlayıb, ağlamaq istəyirəm – Kəramət Böyükçöl
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Tanınmış yazar Kəramət Böyükçölün millət vəkili Elman Nəsirova həsr etdiyi paylaşımı sosial şəbəkələrdə böyük oxucu marağına səbəb olub.

Sfera.az olaraq əlavə şərh vermədən həmin yazını olduğu kimi diqqətinizə çatdırırıq.

***

Milli Məclisdə elə deputatlar var ki, cəmiyyət onların adını bilmir. Amma mülklərinin sayı-hesabı yoxdur, var-dövlətlərini bir aya hesablayıb qurtara bilməzsən.

Şirkətlər, apteklər, bazarlar, saxta dərman istehsalından tutmuş əxlaqsızlıq yuvasına qədər hər şeydən pul qazanırlar. O deputatlar heç vaxt nə mətbuata müsahibə verir, nə efirlərə çıxır, nə də nömrəsinə zəng çatır. Hamısı öz kefində, damağındadır.

Nə danışa bilirlər, nə də danışmaq istəyirlər. Camaatın qabağına çıxıb danışmağı ümumiyyətlə, özlərinə sığışdırmırlar. Belə deputatlar ən çox ya yuxarıya möhkəm tellərlə bağlı adamlar olur, ya da yuxarı ilə qohumluq əlaqəsi olanlardır.

Biri də var Milli Məclisin Elman Nəsirov kimi yetim deputatları. Əminliklə deyirəm, bəlkə də Milli Məclisdə ən sadə adam Elman Nəsirovdur. Orta məktəbdə kənddən gələn şagirdi şəhər uşaqları gözümçıxdıya saldığı kimi onu da bu hökumət "çumo” eləyib. Nəsə bir şey olan kimi deyirlər, Elman, get danış! Hətta get danış sözünü elə deyirlər, üzün çevirən kimi arxadan ona gülürlər.

Siyasi elmlər üzrə fəlsəfə doktorudur. Mən əminəm ki, Elman Nəsirov yekə adamlarla təsadüfən eyni məclisə düşəndə onunla məzələnirlər. Məsələn, rişxəndlə deyirlər ki, pofessor, necəsən? O da irişə-irişə qayıdır ki, şükür Allahın birliyinə, yaxşıyam, siz necəsiniz? Yaxud, bəlkə də kefli məclislərdə kürəyinə yüngülvari şapalaq vurub deyirlər ki, professor, yamansan haaa! O da əzilib büzülə-büzülə gülür. Əminəm ki, Milli Məclisin özündə də deputat yoldaşları onu ələ salaraq deyir ki, Elman, erməni səngərdə əyilə-əyilə sözün nətər demişdin? Ha, ha, ha!

Təzə bir sözü gündəm olanda yenə ələ salıb deyirlər ki, nədi yenə camaat səndən danışır. Bu da nəsə izah eləyəndə sözün yarımçıq kəsib yo, yo, yaxşı idi, halaldır deyə-deyə maşına oturub gedirlər.

Əminəm ki, Elman Milli Məclisin iclaslarına gedəndə kənardan onu görən deputat yoldaşları gülə-gülə bir-birinə deyir ki, yenə əyilə-əyilə gəlir. Yaxına gələndə də mırta soruşurlar ki, Elman, hardaydın? O da deyir, Xəzər TV-dən gəlirəm. Təzədən soruşurlar ki, nə danışdın, yenə bombaladın? Vəziyyət elə həddə çatır ki, Elman müəllim onunla məzələndiklərin bilib özü də gülür. Çünki başqa əlacı yoxdur.

Sosial şəbəkələrdə camaat onu söysə də, maaşla dolandığına, heç bir biznesi, obyektləri olmadığına və üzündə hüzürdə aşı çörəklə yeyən yazıq adam ifadəsi olduğu üçün Milli Məclisdə, ümumiyyətlə, hökumətin içində o xalqın adamı hesab olunur. Bütün bunların səbəbkarı da təbii ki, özüdür. Bilir ki, hökumətə belə adamlar da lazımdır və bütün ciddi yerlər tutulub deyə o, bir təlxək yerini boş görən kimi özünü dürtüb ora. Onun bu çıxışları hökumətin xoşuna gəlməsə ikici dəfə heç vaxt danışmaz. Uşaq deyil ki...

Amma adamın başının üstə Allah var, Elman Nəsirovu efirlərə elə mövzularda danışdırırlar ki, o mövzuda Elman yox, kim danışsa gülüş, lağ hədəfinə çevrilər. Torpaq 30 ildir işğaldadır, erməniləri, Paşinyanı da hər cür söyüb qurtarıblar və indi də Elman müəllimi göndəriblər ki, get danış. İndi bu yazıq nə desin? Söz qurtarıb.

Bu da özünü dünya ədəbiyyatının, mədəniyyətinin bilicisi kimi göstərərək, Puşkinə istinad edir, camaat yenə gülür, yenə söyür. Milli Məclisin o qıllı deputatları gəlib danışsa, onlar da söyüləcək. Elman hələ ağıllısıdır. O birisilərin böyük əksəriyyəti ümumiyyətlə, Şuşanın nə vaxt işğal olunduğunu bilmir. Şuşa hələ məşhurdur. Kəlbəcəri "vobşe” bilmirlər. Ona görə də, əslində, mənim Elman Nəsirova səmimi qəlbdən yazığım gəlir. Bu cür adamlar mənim üçün heç vaxt nifrət hədəfi ola bilməz, ona daha çox tip kimi baxıram. O, hökumətdən də yarımamış adamdır.

Əminəm ki, yüksək ranqlı məmurlar heç onun telefonun açmır. Çaşıb açanda da iki kəlmə ilə yola verib adboy düyməsin basırlar. Əsl yetimdir. O mənada ki, onun troll dəstəsi yoxdur, adam üstünə göndərməyə lotuları yoxdur. Müəyyən bir savadı da var. Sadəcə, hökumətdə savadlı adamlardan bu cür istifadə olunur. Bir az da bəxti gətirmiş zəmanə adamıdır. Bəxti gətirmiş o mənada ki, çarəsiz, əlacsız Azərbaycan insanının deputat variantıdır. Və tənqidlərə, hətta təhqirlərə də xeyli dözümlüdür.

Məndə bir hiss var ki, o, evdə, ailədə, dost-tanış, qohum-əqrəba arasında çox yaxşı adamdır, ölkədə isə necə deyərlər, böyük siyasi oyunların kiçik peşkasıdır. Hərdən adam onu qucaqlayıb ağlamaq istəyir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR