Logo

Postpandemiya dövrünün biznes illüziyalarından necə yayınmalı... - Rüfət Əzizov

Postpandemiya dövrünün biznes illüziyalarından necə yayınmalı... - Rüfət Əzizov
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu günlərdə dünya mediası, ekspertlər, xeyriyyəçilər, ictimai və siyasi xadimlər pandemiyadan sonrakı dövrün perspektivləri və dəyişiklikləri barədə tez-tez danışırlar. Deyərdim ki, bu barədə danışmaq çox populyar olub.

Amma konkret biznes-plan tərtib etməzdən əvvəl, sahibkarlar postpandemiya dövrünün innovativ ideyalarını dəqiq təhlil etməlidirlər ki, innovativ illüziyaların təsirinə düşməsinlər, səhvlərdən qaçınsınlar.

Bu barədə biznes eksperti, sahibkar, Lomonosov adına Moskva Dövlət Universitetinin məzunu, kimya elmləri namizədi, Oksford Universitetinin Said Business School biznes məktəbinin Executive MBA proqramının iştirakçısı Rüfət Əzizov ətraflı məlumat verir.

Ciddi sağlamlıq problemləri, psixoloji sarsıntı, iqtisadi tənəzzül və medianın davamlı təzyiqi nəticəsində yaranan qeyri-müəyyənlik kabusu sahibkarları pandemiyayadan sonra dünyanın necə olacağı barədə düşünməyə vadar edir. Artıq indidən, koronavirus infeksiyasının dünyaya sürətlə yayıldığı bir dönəmdə belə, pandemiyadan sonrakı dövrdə ənənəvi iqtisadi, siyasi və sosial təməllərin necə dəyişəcəyi ilə bağlı debatlar aparılır. Sahibkarlar pandemiyadan irəli gələn yeni imkanlar axtarmağa, mütəmadi olaraq biznes yeniliklərini izləməyə və özlərinə”bundan sonra nə etməli, nədən başlamalı” kimi suallar verməyə başlayıblar.

Birinci qayda- özünüzə bir müddət fasilə verin, ailənizlə evdə qalın, beyninizi yükləməyin və rəqəmsal dünyada imkan qədər az vaxt keçirin. Yalnız bundan sonra biznes xəbərlərininsistemli izlənilməsi mümkündür, hətta zəruridir. İllərdir hansısa dayanıqlı bizneslə məşğulsunuzsa, küyə düşüb "gəlin online məktəb açaq, yaxud maska istehsalına başlayaq” kimi ideyalara aludə olmayın.

Medianın yazdığına görə, pandemiyadan sonrakı dövrdə ən populyar təklif onlayn təhsilin inkişafı ola bilər. Amma mənim üçün, hətta beşinci ali təhsilimi nəzərə almaqla belə, bu məsələ hələ də qeyri-müəyyən olaraq qalır. Evdə karantində olduğum müddətdə əkizlərimə online təhsil almaqda kömək edirəm. Görürəm ki, müəllimlər online ünsiyyəti əyləncəli və maraqlı etmək üçün nə qədər səy göstərsə də, bu cür ünsiyyətuşaqları narahat edir və hətta depresiyaya düşmələrinə səbəb olur.Canlı ünsiyyət, hiss və emosiyalardan məhrum olan online təlim sinifdə keçilən dərslər qədər məhsuldar ola bilməz. Ali təhsillə bağlı da eyni sözləri deyə bilərəm. Belə ki, online kurslar universitetlərdəki əyani dərslərin əvəzi ola bilməz, çünki əyani təlim zamanı tələbələr canlı mükalimələrin iştirakçısı olur, təcrübə mübadiləsi edir, bir-biri ilə ünsiyyət qurur, komandada işləyir və kitabxanalarda biliklərə yiyələnirlər. Beləliklə, mənim proqnozum pandemiyadan sonrakı dövrdə online təhsilin çiçəklənəcəyini vəd etmir. Zənnimcə, koronavirus böhranı dönəmində online tədrisi təcrübədən keçirmək imkanı qazanan insanlar əyani tədrisə daha böyük önəm verəcəklər və tədrisin bu növü üçün daha çox pul ödəməyə hazır olacaqlar.

Çox səsləndirilən təkliflərdən biri də yeməkləri online sifariş etmək və ya evdə yemək hazırlamaqdır. Əlbəttə, bu, hər bir millətin özəl mədəniyyətindən asılıdır, amma dəqiq bilirəm ki, istəmədən evdə qalanların çoxu yeməyi özləri hazırlayır. Eyni söhbət restoranı əvəz edə bilməyən online yemək sifarişinə də aiddir. Çünkirestoran təkcə müxtəlif çeşidli təam və içkilərdən ibarət deyil, həm də ünsiyyət, gözəl musiqi və rəqs, akustika və bütünlükdə xoş atmosferdir. Süni intellekt dövründə hətta müştərinin zövqünü, üstünlük verdiyi təamları, ən sevimli şərabını, onun üçün vacib olan tarixi, iş yükünü, musiqini, dizayn və rəngi belə təxmin etmək mümkündür ki, bu da çox guman, gerçək restoranda müştəriyə fərdi yanaşmanın bir hissəsinə çevriləcək. Bundan əlavə, gigiyena və tibbi standartlara münasibətdə insanın davranışındakı dəyişikliklər barədə də müzakirələr aparılır. Yalnız qısa müddətli dəyişikliklər mümkündür. Çünki insan beyni neqativ yaşantıları tezliklə unutmağa qadirdir. Məsələn, kiçik bir qəzadan sonra 2-3 ay maşını daha diqqətlə sürməyə çalışırıq, amma sonradan əvvəlki davranışımıza qayıdırıq. İnsan beyni neqativ şeyləri tez unudur, amma uğurlu təcrübəni yadda saxlayır və keçmişdə baş verən xoş olaylara istinad edir. Pandemiyadan sonrakı dövrdə insanların davranışı əhəmiyyətli dərəcədə dəyişməyəcək, buna görə də bu cür proqnozları olan istənilən layihənin işlənməsi risklidir və əlavə, daha dərin tədqiqat tələb edir.

Pandemiya səbəbindən əksər istehsalat şirkətlərinin tədarük zəncirinə ağır zərbə vuruldu. O üzdən illik planlar, proqnozlar, inventar idarəetmə, yükdaşıma, istehsalat və satış planları pandemiyadan sonra yenidən nəzərdən keçirilməlidir. Çin xammalının tədarükündən asılı olan şirkətlər, çox guman ki, son 20 ildə ən ağır dönəmlərini yaşayırlar. Ümumi rəyə görə, Çin xammalı qıtlığın əsas səbəbi oldu və bu, pandemiyadan sonrakı dövrdə dünya ölkələrinin xammal və digər ehtiyatları lokallaşdırmasına təkan verəcək. Bundan əlavə, mövcud vəziyyəttədarük zəncirinin qloballaşmasının sonu ola bilər. Məntiq baxımından hər şey doğrudur, amma Çində gəmi şirkətlərinin milyardlarla dollarlıq sərmayəsi, istehsalın həcmindəki artım və cüzi xərclər barədə düşünsək, alternativ təchizat zəncirinin lokallaşdırılması artıq o qədər də real görünməyəcək. Doğrudur, bəzi şirkətlər Çindən çıxmaq qərarı verib, özəlliklə də Yaponiya hakimiyyəti yapon şirkətlərinin Çini tərk etməsi xərclərini ödəyəcəyini söyləyib, amma düşünürəm ki, bu Çin iqtisadiyyatının çökməsinə səbəb olmayacaq.

Sahibkarlar koronavirus dövründə ortaya çıxan populyar biznes-planlara ehtiyatla yanaşmalıdırlar. Böhranın mərkəzində olduğumuzdan, güclü informasiya axını bizi post-pandemiya dövrü haqqında təzyiq altında düşünməyə vadar edir. Pandemiya zamanı aktual olan nəsnələrin, pandemiyadan sonrakı dövrdə də aktual olacağı mütləq deyil. Sahibkarın innovativ strategiyası bu cür zərbələrə davamlı olmalı və müştərilərin sabit istəklərini, şirkətin strateji məqsədlərini, istifadəsi vacib olan əməliyyat qaynaqlarını və liderlik keyfiyyətlərini özündə cəmləşdirən sistemli bir yol olmalıdır.

Bu zaman belə bir sual yaranır: "Sahibkarlar post-pandemiya dövründə innovativ layihələrin potensialını necə qiymətləndirməlidirlər?"

Strateji niyyət

Şirkətinizin strategiyası nədir? Post-pandemiya dövrünün yeni biznes-planı strateji baxımdan vacibdirmi? Məsələn, strateji hədəf 500 min dollarlıq bazar əldə etməkdirsə, 50 min dollar dəyərində bir layihə seçmək o qədər də uğurlu fikir deyil. Əgər siz tikinti ilə məşğulsunuzsa və məqsədiniz modul tipli tikinti biznesinə daxil olmaqdırsa, online səhiyyə haqda startup üzərində işləməyinizə ehtiyac yoxdur, çünki bu sizi əsas işinizdən yayındıra biləcək tamamilə fərqli bir biznesdir. Bizim rəqabət üstünlüyümüz nədədir və uzun müddətli perspektiv üçündayanıqlıdırmı? Post-pandemiya dövründə insanlar bu məhsulu hansı üstünlüklərinə görə əldə edəcəklər?

Dizayn düşüncəsi. Davamlı məlumat axını sizi məhsul və ya xidmətlərin əsas dizaynından yayındırmamalıdır. Yeni biznesin, məhsulun, yaxud xidmətin mərkəzində müştəri, eləcə də texnolojı yeniliklər və biznesin gəlirliliyi dayanmalıdır. Müştəri kim olacaq? Hazırda müştəri nəyə ehtiyac duyur və nəyə görə post-pandemiya dövründə onun ehtiyaclarının dəyişəcəyini düşünürsünüz? Şirkətin bu cür müştəri seqmentləşdirilməsi təcrübəsi olubmu? Niyə müştəri məhz post-pandemiya dövründə sizin məhsulunuzu seçməlidir? Mövcud və post-pandemiya texnologiyalarının tətbiqi müasir dövrün tələblərinə necə cavab verir? Müştərinin yeni istəkləri nədir, onu bu fəaliyyətə nə təşviq edir və müştərinin bu qərarları nə dərəcədə dayanıqlıdır?

Əməliyyat imkanları. Yeni biznes-planları dəstəkləmək üçün şirkətin mövcud imkanlarından və qaynaqlarından istifadə etmək mümkündürmü? Satış, marketinq, istehsalat və insanların səlahiyyətlərindən yeni imkanlar üçün necə istifadə edilə bilər? Təchizat zənciri prosesi necə gedir? Mənfəət və biznes idarəetməsinin effektivliyini təmin edən digər əsas fəaliyyət göstəriciləri üçün nəyi proqnozlaşdırırsınız? Mövcud biznesdən yenisinə keçidi necə idarə etməyi düşünürsünüz, ümumiyyətlə bu cür keçid mümkündürmü? Məsələn, şirkətiniz pivə istehsal edirsə, fermentasiya və biotexnologiya sahəsində təcrübəyə malikdirsə, biofarmasiya sənayesinə investisiya yatıra bilərsiniz, çünki siz artıq təcrübəli biotexnologiyaya və bəzi avadanlıqlara (sentrifuqalar, termostatlar, fermentlər və s.) sahibsiniz, amma online kommunikasiyalar, yaxud maska istehsalı biznesinə atılmayın.

Liderlik keyfiyyətləri. Yeni biznes-plan strategiyanıza, əməliyyat qabiliyyətlərinizə və müştəri gözləntilərinizə uyğun gəlsə belə, rəhbərliyin köməyi olmadan uğur qazana bilməzsiniz. Əslində əksər şirkətlərin innovativ şöbələrində bir sıra parlaq ideyaların məhvinə səbəb olan məhz rəhbərlikdən dəstəyin olmamasıdır. Dayanıqlı biznesi və stabil gəliri olan şirkətdə yeni biznes qurmaq çox çətindir. Çünki şirkətdə hökmən yenilikçi düşüncəni öldürmək istəyən insanlar tapılacaq, özü də əksər hallarda bu şəxslər şirkətin əməliyyat menecerləri, yəni mövcud biznesin "tanrıları" dır. Bundan əlavə, innovativ layihələr bütün şirkətin məqsədi olmalıdır, amma eyni zaman da da, yeni biznesi işlək biznesdən ayırmaq, bəlkə də ayrıca biznes bölmə və müstəqil təşkilati interfeys çərçivəsində inkişaf etdirmək daha məqsədəuyğundur. İnnovativ layihələr maliyyə baxımından da müstəqil olmalı və öz büdcəsinə sahib olmalıdırlar.

Sonda qeyd etmək istərdim ki, əlçatan media kontent sahibkarları innovativ layihələr həyata keçirməyə sövq edəcək və onlarda sehrli post-pandemiya dövrü illüziyası yaradacaq. Amma sahibkarlar yeni fürsətlərdən istifadə etməzdən əvvəl, pandemiyadan əvvəl və sonra insanların dünyadakı davranış modellərini diqqətlə təhlil etməlidirlər. Bundan əlavə, yeni imkanların strateji hədəflərə, əməliyyat imkanlarına, müştəri gözləntilərinə və şirkət rəhbərliyinin öhdəliklərinə uyğun gəlib gəlmədiyini araşdırmaq da vacibdir. (1news.az)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR