Yas mərasimlərininin keçirilməsinə icazə verilməməlidir - Ekspert QMİ-yə səsləndi
"Strukturunda heç bir dəyişiklik edilməyəcəksə, yas mərasimlərinin keçirilməsinə icazə verilməsi virusun ikinci yoluxma dalğasına səbəb olacaq”.
Sfera.az-a açıqlamasında bu sözləri yas və toy mərasimlərinə mayın 4-dən sonra icazə verilməsi mümkünlüyü ilə bağlı səslənən fikirlərə münasibət bildirərkən tibb elmləri doktoru Adil Qeybulla deyib:
"Karantin vəziyyətinin yumlaşdılması ilə bağlı müəyyən məsələlər insanlarımızın diqqətinə çatdırılmalıdır. Ticarət obyektlərinin açılmasına icazə veriblər, amma bu icazə bərbərxanalara, gözəllik salonlarına şamil edilmədi. Burada məntiq yoxdur. Əslində bərbərxanalar çox sayda insanın toplaşmaması şərtilə öz işlərini həyata keçirə bilərlər. Birinci növbədə, məhz bu obyektlər açılmalıdır. Digər tərəfdən, indiki şəraitdə ticarət mərkəzlərinə gəlib-getməklə bağlı dezinfeksiya istiqamətində müəyyən şərtlər qoyulmalıdır. Bütün bunları etmədən həmin obyektlərin açılması doğru yanaşma deyil”.
Həkimin fikrincə, öncə yas mərasimlərində hökm sürən dəbdəbə, bayağılıq kimi mənfi hallar aradan qaldırılmalıdır. Yalnız bundan sonra onun fəaliyyətinə icazə verilməsi məsələsini gündəmə gətirmək olar: "Hazırda yas məclislərimiz anormal vəziyyətdədir. Burada həddən artıq dəbdəbə, bayağılıq hökm sürür. Bir-birilə bəhsə gedirlər, onu biznesə çeviriblər. Ona görə də ilk növbədə yas məclislərini abıra salmaq lazımdır. Nəzərə alaq ki, postpandemiya dövründə maddi durumumuz elə də ürəkaçan olmayacaq”.
A. Qeybulla Qafqaz Müsəlmanları İdarəsini bu yöndə tədbirlər görməyə çağırdı: "Qurum bu işə əncam çəkməli, yas məclislərinin strukturunu qurmalıdır.Yəni yaranmış fürsətdən istifadə edərək yas məclislərində yaşanan pis ənənələrə son qoymalıyıq. Bu insanların ürəyincə olar. Yas məclislərini yeyib-içmək məclisinə deyil, hansısa bir rituala çevirmək vaxtı çatıb. Mayın 4-dən sonra da yas və toy məclislərinin bərpasına icazə verilməməlidir, əvvəlki şəkildə davam edəcəksə, hələ tezdir. Strukturunda heç bir dəyişiklik olmayacaqsa, yas mərasimlərinin keçirilməsinə icazə verilməsi virusun ikinci yoluxma dalğasına rəvac verəcək. İkinci yoluxma dalğası isə iqtisadiyyat və sosial həyatımıza ciddi zərbə vuracaq”.
Elçin
Sfera.az






