İddialar faktlara söykənmirsə, bu artıq böhtandır
Son günlər sosial şəbəkələrdə keçmiş hərbi qulluqçu Qəhrəman Mənsimzadə tərəfindən təkrarən yayılan video-müraciət yalnız sosial şəbəkələrdə bekarçılıqdan nə edəcəyini bilməyənlər tərəfindən yersiz müzakirələrə səbəb olub. İlk olaraq onu qeyd etmək lazımdır ki, ölkəmizin samballı, özünə və qələminə hörmətlə yanaşan mətbuat orqanlarının əməkdaşları bu müraciətə düzgün reaksiya göstərərək bundan sensasiya yaratmadılar.
Bu, həm mətbuatımızın sağlam mövqeyindən, eyni zamanda bu video-müraciətin yayımlanmasında "fəal çalışanların” məqsədlərinə çatmamasından xəbər verir. Ehtiyata buraxılan zabitin çıxışının "peşəkar araqarışdıranlar” tərəfindən hazırlandığı, müraciət sahibinin kiminsə əlində alət olduğu və səsləndirilən fikirlərin Ordumuza xələl gətirməyə xidmət etdiyi də aydın sezilir.
Bildiyim qədər həmin şəxs, yəni Q.Mənsimzadə belə "şanlı və təmtəraqlı” həmdə "faktlarla zəngin” müraciət ortaya qoymaq bacarığına malik olan birisi deyil. Eyni zamanda müraciəti izləyənlər keçmiş hərbi qulluqçunun çıxışında qərəzli mövqedən yanaşdığını da hiss etməmiş deyillər. Məhz sadaladığımız amillər üzündən onun müraciəti, onu bu addımı atmağa təhrik edənlərin istədiyi effekti vermədi və mətbuatda ajiotaja səbəb olmadı. Yəni konkret olaraq bu məsələdə oxucular "ağı qaradan seçməyi” düzgün bacardılar.
Mənim fikrimcə əsaslı faktlar ortaya qoyulmadan, şəxsi fikirlər söyləməklə Azərbaycan Ordusuna qarşı iftira xarakterli qərəzli iddialar irəli sürən Q.Mənsimzadə zabitin şərəf və ləyaqətinə uyğun olmayan addım atıb. Müraciətdə heç bir konkret fakt yoxdur. Video boş fərziyyə və iddialarla doludur. Əgər onun hər hansı bir faktı olsaydı və zabit adının nə qədər şərəfli olduğunu düzgün qiymətləndirə bilsəydi, o hüquq-mühafizə orqanlarına müraciət edər, ordu ilə bağlı iddia etdiklərini ictimailəşdirmədən, digər rəsmi müraciət etmək hüququndan istifadə edərdi.
Odur ki, düşünürəm öz mövqeyimi də yenidən səsləndirmək yerinə düşərdi. Hesab edirəm ki, bu qəbildən olan fikir və müraciətlərin sosial şəbəkələr vasitəsilə ictimailəşdirilməsi düşmən maraqlarına xidmət etməklə yanaşı, həm də əsl zabitə xas olmayan xüsusiyyətdir.
Səsləndirilən hər bir fikir, iddia konkret faktlara, əsaslı dəlillərə söykənməlidir. Əks halda bunlar iddia olaraq qalır və yalnız iftira, böhtan xarakteri daşıyır, Ordumuzu ləkələmək, onun nüfuzuna xələl gətirmək məqsədi güdür.
Odur ki, müraciəti izlədikdən sonra keçmiş hərbi qulluqçu Q.Mənsimzadə ilə maraqlandım və onu tanıyanlar tərəfindən onun haqqında səsləndirilən fikirləri paylaşmaq istərdim. "Qulluq etdiyi müddətdə Q.Mənsimzadə yalnız ön xətdən uzaq bölmələrdə xidmət keçmiş, hərbi kollektivdə və xidmət yoldaşları arasında nüfuza malik olmayan, hər zaman şəxsi maraqlarını vəzifə borclarından üstün tutan və müstəqil qərarlar qəbul etməyə cəsarəti çatmayan bir şəxs olub. Xidmət etdiyi dövrdə komandanlıq tərəfindən verilən tapşırıqların icrası zamanı qorxaq davranaraq qətiyyətsizlik nümayiş etdirib”.
Ən acınacaqlı hal isə kimlərin Q.Mənsimzadəyə dəstək verməsidir. Elə götürək ehtiyatda olan hərbi qulluqçu "Roma” Məhərrəmovu. Əslində bu adamlar kimlərdir? Sadəcə onu deyə bilərəm ki, maraqlansanız həmin şəxslərin də "şanlı, təmtəraqlı və məcaralarla dolu” xidmətləri barədə yetərincə məlumatlar vardır ki, bu da onların bu gün özlərinin "ədalət carçısı kimi” ortaya atmağa mənəvi haqları olmadığına dəlalət edən əsas amildir. Xalqımızın gözəl deyimləri var ki, bunları da burada dilə gətirmək çox yerinə düşərdi. "De dostun kimdir, deyim sən kimsən” və "Tay tayını tapmasa bağrı çatlayar”. Bu qaragüruhçu dəstənin də tam bir-birinə uyğun olduqları göz qabağındadır və buna əmin olmaq üçün uzağa getmək lazım deyil. Həmin şəxslərin "xidmətlərinə nəzər yetirmək yetərlidir”.
Bütün bunları oxuduqdan sonra haqlı olaraq sual ortaya çıxır ki, belə "şanlı, təmtəraqlı və məcaralarla dolu” keçmişə malik, bir-birilərinə züy tutan bu şəxslərdən axı nə gözləmək olar? Bu dəstəyə üzv olanlar düşmən dəyirmanına su tökdüklərini və kimlərinsə oyunlarına alət olduqlarını anlayırlarmı? Məncə anlamırlar, anlaysaydılar belə etməzdilər.
Yunis İsmayılov, ehtiyatda olan zabit, 2-ci qrup əlil.






