Hindistanda karantini pozanları 500 dəfə “bağışlayın” yazmağa məcbur etdilər – QƏRİBƏ CƏZA
Hindistanın şimalındakı Uttarakhand əyalətinin polisi koronavirusun yayılması səbəbi ilə tətbiq olunan təcrid rejimini pozan 10 əcnəbini kağız parçası üzərində 500 dəfə "üzr istəyirəm” yazmağa məcbur edib.
Sfera.az-ın RİA Novosti-yə istinadla məlumatına görə, Hindistan hökuməti koronavirus pandemiyası fonunda, 25 martdan 14 aprelə qədər ölkədətəcrid rejimi elan edib. Hakimiyyət nümayəndələri ölkə sakinlərini səbəbsiz yerə küçələrə çıxmamağa çağırıb, ictimai nəqliyyatın, taksi xidmətlərinin, metro və dəmir yollarının fəaliyyəti məhdudlaşdırılıb. Həmçinin aprelin 14-dək bütün daxili və beynəlxalq sərnişin aviareysləri qadağan edilib.
"Bu xarici vətəndaşlar təcrid rejimini pozublar. Onlara bir daha təcrid rejimini pozmamaqla bağlı xəbərdarlıq edildi və qaldıqları məkanı tərk etməmək məsləhət görüldü. Bu şəxslərin hər birinə kağız parçası üzərində 500 dəfə: "Mən təcrid rejiminə riayət etməmişəm, bağışlayın” yazmaq əmri verildi”,- deyə, polis Vinod Şarma bildirib.
Sözügedən olay şənbə günü baş versə də, əksər KİV-lər bu barədə yalnız bazar ertəsi məlumat verib. Qəzetin yaydığı fotolarda Qanq çayının sahilində oturan əcnəbi turistlər polis məmurlarının nəzarəti altında üzrxahlıq məktubu yazırlar. Qəzetin qeyd etdiyi kimi, təcrid rejimini pozanlar ABŞ, Avstraliya, Meksika və İsraildən olan turistlərdir.
Polisin məlumatına görə, ümumilikdə bu mahalda müxtəlif ölkələrdən 500-ə yaxın turist var. Polis nümayəndələri "xoşagəlməz vəziyyətin" qarşısını almaq üçün şəhərdəki bütün otellərə əcnəbi turistləri müşayiət etmək xahişi ilə müraciət etdiklərini də əlavə ediblər. Polisin verdiyi məlumata görə, bu tələbi yerinə yetirməyən otel sahibləri məhkəmə qarşısında cavab verəcəklər.
Bu günə olan məlumata görə, Hindistanda koronavirusa yoluxanların sayı 9152 nəfərdir, 308 nəfər bu xəstəlikdən dünyasını dəyişib, 856 nəfər isə sağalıb. 8 minə yaxın insan hazırda müalicə kursu keçir.
Xatırladaq ki, martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirus infeksiyası olan COVID-19-un dünyaya yayılmasını pandemiya elan edib. ÜST-nın son məlumatına görə, dünyada demək olar ki, 1,7 milyon yoluxma hadisəsi qeydə alınıb, 105 mindən çox insan həyatını itirib.
Selcan
Sfera.az






