“Azərbaycanda bu məsələ mümkün deyil…” – İşə gedib-gəldiyimiz vaxt iş saatına əlavə edilsinmi?
"Praktik baxımdan Azərbaycanda işə gedərkən və qayıdarkən sərf olunan zamanın da iş saatına əlavə edilməsi mümkün deyil”.
Sfera.az-a açıqlamasında bu sözləri Avropa ölkələrində işə gedərkən və qayıdarkən xərclənən vaxtın iş saatına əlavə ediləcəyilə bağlı məlumatlar fonunda həmin prosesin Azərbaycanda da tətbiqi məsələsinə toxunarkən Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasinin sədri Sahib Məmmədov deyib:
"İşə gedən və qayıdan vaxtın iş saatına əlavə edilməsi istiqamətində diskussiyalar zaman-zaman olub. Bir çox şirkətlər var ki, işçisini özünün nəqliyyat vasitəsilə işə aparıb gətirir. Digər işçilər isə ancaq iştimai nəqliyyatdan istifadə etməklə işə gedib gəlir. Bu mənada ola bilsin hansısa şirkət həmin addıma gedə bilər.
Amma fikirləşmirəm ki, Azərbaycanda onun tətbiqi praktik baxımdan mümkün olsun. İşçilərdən biri işə on dəqiqəyə gedib gələ, digəri isə bunun üçün saat yarım vaxt sərf edə bilər. Bu zaman optimallaşmanı müəyyən etmək mümkün deyil. Azərbaycanda əvvəllər işə gedib gələrkən şəxs hansısa qəzaya uğrayırdısa, bu hadisə istehsalat qəzası sayılırdı. Lakin 2011-ci ildən sonra o da ləğv olundu. İstehsalat qəzası indi yalnız o halda hesab olunur ki, yalnız müəssisənin özünün və yaxud onun müqavilə bağladığı avtomobil ilə gedib gələrkən qəzaya düşür.
Ölkəmizdə işləyənlərin 50 faizindən çoxu qeyri-formal əmək bazarında işləyir. Ona görə ölkəmiz işə gedən və gələn vaxtın da iş saatına əlavə edilməsi kimi məsələyə çatana qədər uzun bir yol getməlidir. İndilikdə bu məsələnin müzakirəsinə belə yer yoxdur”.
Elçin






