Azərbaycan gəncləri Avropanın gənclər paytaxtına toplanır
"İrəli" İctimai Birliyi bölgə gənclərini Avropanın gənclər paytaxtı Gəncəyə toplayır.
Təşkilatdan Milli.Az-a bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu (AzGF) dəstəyi ilə "İrəli" İctimai Birliyi tərəfindən və Gəncədə "Region Gənclərinin Əməkdaşlığı Forumu" layihəsinə start verilir.

Forumda 15 regiondan 60- a yaxın gəncin iştirakı nəzərdə tutulub. Layihənin əsas məqsədi , "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı çərçivəsində istifadəyə verilən gənclər evləri və gənclər mərkəzləri yerləşən regionlarda onların şəxsi inkişafına təkan vermək üçün bölgələrdə fəaliyyət göstərən gənclərin birgə fəaliyyətlərini stimullaşdırmaqdır.
"Region Gənclərinin Əməkdaşlıq Forumu" layihəsi çərçivəsində "Azərbaycanda dövlət gənclər siyasəti" mövzusunda keçiriləcək bir neçə günlük xüsusi panellərdə region gəncləri ilə yanaşı, yerli gənclər evləri və mərkəzlərinin rəhbərləri, eləcə də Gənclər və İdman idarəsi əməkdaşları iştirak edəcək. Onlara bununla bağlı təkliflər hazırlamaq imkanı yaradılacaq.
"Region Gənclərinin Əməkdaşlıq Forumu" layihəsinin benefisiarları olan gənclər sonrakı mərhələlərdə yaşadıqları bölgələrdə regional inkişaf üçün xüsusi tədbirlərin keçirilməsində yaxından iştirak etmək imanı qazanacaqlar. Onlar xüsusi təkliflərlə çıxış etmək və irəli sürülən təklifləri reallaşdırmaq imkanlarından yararlanacaqlar.
Forum çərçivəsində qarşılıqlı mübadilənin aparılması üçün regionlar arasında əlaqələndirmə platformalarının yaradılması və mütəmadi məlumatlandırma proqramlarının işlənilməsi nəzərdə tutulub.
Layihə benefisiarlarının 2016-ci il üçün Avropanın Gənclər Paytaxtı seçilmiş Gəncədə xüsusi tədbirlər planı ilə iştirakı planlaşdırılıb.
Forum Gəncə şəhər İcra Hakimiyyəti və Gəncə - "2016 Avropa Gənclər Paytaxtı"nın təşkilatı dəstəyi ilə iyun ayında keçiriləcək.






