Xalqlar siyasətçilərə uduzdu
Eurovision, əlbəttə, şoudur. Və istənilən şou kimi, onun da bazisində (ah, Marks!) iqtisadi-maliyyə maraqları dayanır, üstqurumunda isə "mədəniyyət", "xalqların həmrəyliyi", "ünsiyyət", "mədəniyyət dünyanı xilas edəcək" kimi fantom şüarlar yerləşdirilir.
İstənilən kütləvi mədəniyyət (mass-kult) kimi, onun da əsl mədəniyyətə aidiyyatı uzaqdan-uzağadır və illər keçdikcə bu məsafə daha da böyüyür. O, daha çox "taun vaxtı qonaqlığı", yaxud qısamüddətli anesteziyanı xatırladır. Yəni, orqanizm xəstədir, "yayındırıcı terapiya" məqsədilə ağrıkəsici vurulur, onun təsir müddəti tezliklə bitəndə isə xəstəliyin simptomları ikiqat aydınlığı ilə yenidən zühur edir.
Onda nə etməli? Anesteziyanı təkrarlamalı. Odur ki, məşhur mahnıdakı kimi, "Şou davam etməlidir". Çeşidli adlarla, müxtəlif sahələrdə, üslublarda... Bu, mahnı yarışı da ola bilər, idman tədbiri də, digər əyləncə növləri də.
Ən eybəcər mənzərə isə şouya siyasi rəng qatanda baş verir. Əsl mədəniyyətin, estetikanın siyasiləşdirilməsi müsbət haldır.
Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bunu hələ "ən qəribə Solçu" Valter Benyamin qeyd edib. Bu prosesin əksi - siyasətin estetikləşdirilməsi isə (nasistlərdə və faşistlərdə olduğu kimi) qorxulu nəticələrlə yekunlaşır. Bu iki ziddiyyətin arasında şounun siyasiləşdirilməsi variantı dayanır. Şou siyasiləşdiriləndə siyasət də şouya çevrilir. Bu isə artıq bizim dövrümüzün ağır xəstəliyinin simptomlarındandır.

Təşkilatçılara inansaq, Eurovision siyasətə qatılmır (Lap Trotskinin kəlmələri xatırlanır: "Kim siyasətlə maraqlanmırsa, siyasət onunla maraqlanacaq"). Bəlkə də əvvəlki əyyamlarda (O vaxtlarda ki, bu tədbir tam şoulaşmamışdı) elə bu cürdü. Üstəlik, siyasiləşdirmə cəhdlərinin qarşısı da yaxşı-pis alınırdı. Məsələn, bəlkə də çoxları xəbərsizdir ki, 1980-cı ildə Eurovisiona Afrika ölkəsi Mərakəş də qoşulmuşdu. Bu, cəmisi 1 il oldu - sonrakı il İsrailin Yaxın Şərq siyasətinə etiraz əlaməti olaraq tədbirdən imtina etdi. Yaxud, 2006-cı ildə Yaxın Şərq ölkəsi Livan da Eurovisionda iştirak edəcəkdi, mahnı da hazırlamışdılar. Ancaq livanlılar tədbirdə İsrail nümayəndəsinin ifasının translyasiyasından imtina edəcəklərini bildirdilər və təşkilatçılar da onları müsabiqədən uzaqlaşdırdılar.
Yaxud, müsabiqənin şərtlərinə görə, ifa olunacaq mahnıların adında da, mətnində də siyasi motiv olmamalıdır. Bu şərtə 2016-cı ildə göz yumdular. Ukraynanın nümayəndəsi Cəmalənin mahnısının həm adı, həm mətni bilavasitə 1944-cü ildə Krım tatarlarının deportasiyasına həsr olunmuşdu - kənar obıvatellərin hamısının gördüyünü təşkilatçılar "görmədilər".
Bu da şou janrına tamamilə uyğun gəlirdi - müsabiqəni qarşıdurmaya, qalmaqala çevirmək, ona siyasət və nifaq qatmaq, onsuz da öləziyən reytinqi yüksəltmək. Nail oldular.
Bəs gələn il Almaniya nümayəndəsi 1945-ci ildə Çexoslovakiyadan uduzmuş alman mülki əhalisinin qəddarcasına deportasiyasına mahnı həsr etsə, onu da müsabiqəyə buraxacaqlarmı? Yaxud Çexiya nümayəndəsi Münhen sazişi haqda mahnı oxumaq istəsə, onda necə?

Əlbəttə, icazə verməyəcəklər. Çünki indi brend sayılan, körüklənməsi lazım olan mövzu Rusiya-Ukrayna qarşıdurmasıdır. Sabah başqa məsələ aktual sayılsa, diskursu yeniləyə bilərlər.
Siyasətdir? Bəli. Yaxud indiyədək olubmu ki, başqa bir dövlətin (özü də builki müsabiqəni boykot etmiş dövlətin - Türkiyənin) başçısı birbaşa zəng edib qalibi təbrik etsin? Olmayıb. "Krım kartı" çoxlarının işinə yarayır. Və bunu "mədəniyyət" kimi sırıdıqları şoudan yararlanaraq edirlər.
Ancaq builki müsabiqənin əsas nəticəsi heç sadalananlarda da deyil. Əsas nəticə ondadır ki, yenə də xalqlarla siyasətçilər üz-üzə gəldilər. Bir daha sübut olundu - xalqlar münaqişələrin əleyhinədir, siyasətçilər isə əksinə. Münaqişələri siyasətçilər başlayır, qırılan xalqlar olur, sonra bir gün siyasətçilərə gərək olanda isə münaqişələr dayandırılır.
Nəyi nəzərdə tuturam? Ukraynalı tamaşaçılar Rusiyanın nümayəndəsinə maksimum - 12 xal verdilər. Rusiyalı tamaşaçılar Ukraynanın nümayəndəsinə yüksək - 10 xal verdilər. Bundan aydın mesaj ola bilərmi? Siyasətçilərin etdikləri bütün mənfurluqlara baxmayaraq, bu son illər ərzində xalqları bir-birinə düşmən kimi baxmağa məcbur edə bilmədilər.
Rusiyanın nümayəndəsi tamaşaçıların səslərinə görə birinci yeri tutdu. Yəni, bütün Avropadan seyrçilərin ən çoxu səslərini ölkələrindəki rəsmi təbliğatın Barmaleyə çevirdiyi Rusiyaya verdi. Bununla da, siyasətçilərdən fərqli olaraq, nifrət yox, xoş niyyəti seçdi. Ancaq o xalqların ölkələrinin əksəriyyətinin jüridəki nümayəndələri həmin səsləri sıfırladılar. Bir neçə ölkədən seyrçilər Rusiyaya 12 xal verdikləri halda, jürinin xalı sıfır oldu. Jüridəkilərin isə öz ölkələrinin hakimiyyətlərinin mövqeyini, rəsmi sifarişi yerinə yetirdiklərini kim bilmir ki? Bununla da, xalqlarla siyasətçilərin istək və əməlləri diametral fərqləndi.
Xalqlarla siyasilərin reallıqları paralel aləmlərdə yerləşib.

Sonunda jürinin xallarına görə, birinci yerə Avstraliya nümayəndəsi çıxdı - daha bir absurd. Rusiya isə beşinci yerə endi.
Həm tamaşaçıların, həm də jürinin səslərinin ortamına görə isə Rusiya üçüncü, Ukrayna birinci oldu. Xalqlar siyasilərə növbəti dəfə uduzdu. Həmişə belə olub.
Effekt əldə edildi. Gələn maya qədər söhbət üçün mövzu da var, yumruqları düyünləmək üçün bəhanə də. Ukrayna deyir: "Müsabiqəni Krımda keçirəcəyik". Krımdan onlara dərhal cavab gəlir: "Bunu etmək üçün gərək Ukrayna hökuməti vilayətlərindən birinin adını dəyişib Krım adlandırsın".
Şounun siyasiləşdirilməsi yüksək templərlə davam etdiriləcək. Axı "şou davam etməlidir". Yoxsa anesteziyanın təsiri keçər, xalqlar yenə ağrı-acılarının səbəbkarlarını axtarmağa başlamalı olarlar...






