Ermənilər kimyəvi silahı haradan alıb?
Bir müddət öncə, Azərbaycan XİN-in təşkilatçılığı ilə, akkreditə olunan diplomatik korpusun nümayəndələrinin cəbhəyanı bölgələrə səfəri olub. Onlar Tərtərdə İcra Hakimiyyəti ilə görüş keçiriblər. Tədbir zamanı Tərtər İcra Hakimiyyəti düşmənin ağır artilleriya ilə yanaşı qadağan olunmuş kimyəvi silahlardan istifadə etdiyi barədə məlumat verib. Maraqlıdır, düşməndə bu kimyəvi silah haradandır?
Sfera.az bildirir ki, faktxeber.com məsələ ilə əlaqədar hərbi ekspert Ramil Məmmədlidən münasibət öyrənib.

Onun sözlərinə görə, keçmiş SSRİ respublikalarından biri olan Ermənistanda kimyəvi tərkibli və bioloji silahların olması ehtimalı az deyil: "Bildiyimiz kimi, SSRİ bu cür silahları yaradan və zamanı gəldikdə istifadə edən ölkələrdən biri olub. Bu baxımdan SSRİ-nin tərkibində olan Ermənistanda da Sovet ordusunun hərbi bazaları mövcud idi və həmin bazalarda belə tərkibli silahların olması da ehtimal edilən məsələlərdəndir".
Ekspert bildirdi ki, Birinci Qarabağ müharibəsində də keçmiş döyüşçülərlə bu barədə söhbəti olub: "Onlar deyiblər ki, həmin dövrlərdə də ermənilər bu kimi silahlardan istifadə ediblər".
Ramil Məmmədli düşmənin bu cür silahları hazırda hansı mənbədən əldə etdikləri barədə heç bir məlumat olmadığını vurğuladı: "Kimyəvi silahın harada istehsal edildiyi ilə bağlı ixtisaslı bir ekspert rəyi yoxdur. Bununla bağlı beynəlxalq ictimaiyyətə də konkret detallar təqdim olunmayıb. Yalnız silahların kimyəvi olması və kasetli bombalar barədə faktlar göstərilib. Hesab edirəm ki, bu kimi halların qarşısının alınması üçün beynəlxalq təşkilatlar Ermənistan dövlətinə müəyyən təzyiqlər göstərməlidirlər: MAQATE Ermənistana səfər etməli və bölgədə atom nüvə tərkibli kimyəvi tərkibli silahların mövcudluğu araşdırılmalıdır. Bundan əvvəl də Ermənistanın hərbi qurumlarında və siyasi elitada zaman-zaman təmsil olunan bəzi şəxslər Ermənistanda nüvə tərkibli sursatların olması ilə bağlı bəyanatlar da vermişlər. Hesab edirəm ki, bunlar ciddiyə alınmalıdır. Azərbaycan da adekvat reaksiya göstərərək beynəlxalq qurumları məsələ ilə bağlı öz tələblərini irəli sürməlidir".

Hərbi ekspert Ermənistanda Metsamor deyilən ərazidə SSRİ zamanında tikilən Atom Elektrik Stansiyanın yerləşdiyini xatırlatdı: "Nüvə sahəsi üzrə mütəxəssislərdən öyrəndiyimə görə, müəyyən dövrdən sonra bəzi tullantılar əmələ gəlir. Ola bilər ki, həmin tullantılardan Ermənistan hərbi sənayedə - silah hazırlanmasında istifadə edir, bəhrələnir".
"Hesab edirəm ki, bütün hallarda bu məsələ beynəlxalq qurumlar tərəfindən nəzarətə götürülməlidir. Əks təqdirdə lokal toqquşmalar zamanı ermənilərin bu cür silahlardan istifadə etməsi sonda kütləvi qırğına səbəb ola bilər", - deyə Ramil Məmmədli sözlərini yekunlaşdırdı.
Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin mayın 10-da Tərtər, Füzuli, Ağcabədi və Goranboy rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında hesabatında bildirilib ki, Tərtər rayonunun cəbhəyanı Əskipara kəndi ərazisində beynəlxalq konvensiyalarla istifadəsi qadağan olunmuş kimyəvi tərkibli (ağ fosforlu) partlamamış hərbi sursat aşkarlanıb.






