Attaşelərə Tərtərə kimyəvi tərkibli mərmi atılması barədə məlumat verildi
Sfera.az bildirir ki, bunu Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəriHikmət Hacıyev deyib.
H.Hacıyev qeyd edib ki, mərmi Ermənistan silahlı qüvvələrinin təmas xəttində yerləşən mövqeyinden məhz Tərtərin Əskipara kəndi hədəfə alınaraq atılıb: "Xoşbəxtlikdən həmin mərmi taxıl sahəsinə düşüb. Kimyəvi tərkibli - ağ fosforlu sursatın məhz kəndə atılması onu göstərir ki, ermənilərin məqsədi mülki əhali arasında qırğın törətmək və maksimum şəkildə əhali arasında təşviş yaratmaq olub".
XİN rəsmisi əlavə edib ki, hərbi attaşelərə və diplomatlara ANAMA mütəxəssisləri tərəfindən ətraflı məlumat verilib: "Bu ərazidə hələ də belə mərmilərin olduğu istisna deyil. Onlar da ANAMA tərəfindən araşdırılacaq. Bu mərminin zərərsizləşdirilməsi əməliyyatı attaşelər, diplomatlar və ANAMA-nın iştirakı ilə həyata keçiriləcək".
Qeyd edək ki, bu gün xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərinin cəbhəboyu zonaya səfəri başlayıb. Əvvəlcə Tərtər rayonunun Əskipara kəndinə gələn hərbi attaşelər ötən gün Ermənistan silahlı qüvvələri tərəfindən ağ fosforlu top mərmisinin atıldığı əraziyə baxış keçiriblər.






