Qarabağ ermənilərinə terrorçu rejimdən xilas çağırışı
Aprelin ilk beş günündə Qarabağ cəbhəsində baş verən toqquşmalardan ən çox zərər çəkən Qarabağdakı terrorçu qruplaşmaların əlində on illərdir girov vəziyyətində yaşayan ermənilər oldu. İyirmi ildən çoxdur ki, cinayətkar Ermənistan hakimiyyətinin və Dağlıq Qarabağda özünü "hakimiyyət" elan etmiş qanunsuz silahlı birləşmələrin basqısı altında qalan dinc sakinlərin böyük bir hissəsi öz evlərindən qaçmağa vadar oldular.
Onsuz da imkanı olan ermənilər mövcud vəziyyətə dözməyərək bu əraziləri tərk edirdilər. Sonuncu hadisələr zamanı isə hətta mülki sakinlərin Ermənistana qaçmasının qarşısını almaq üçün cinayətkar rejim silaha belə əl atmışdı. Beynəlxalq Qırmızı Xaç Komitəsinin Ermənistan bölməsi isə Dağlıq Qarabağa yardımlar ayırmağa başlayıb.
Sfera.az musavat.com-a istinadən bildirir ki, Ermənistan KİV-i xəbər verir ki, beynəlxalq humanitar təşkilatın İrəvan bölməsinin rəhbəri Zara Amatuni Dağlıq Qarabağdan 3 min erməninin qaçdığını deyib.
Azərbaycan isə ən yüksək səviyyədə dinc ermənilərə qarşı hər hansı sərt addım atmayacağını növbəti dəfə bəyan edib. Belə bir situasiya erməniləri düşünməyə vadar edir. Azərbaycan vətəndaşı olan Qarabağdakı ermənilərin yeganə xilas yolu təslim olmaqdır. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, onların təhlükəsizliyinə qarantiya verir.
"Ermənilərə göstərməliyik ki, Azərbaycanın tərkibində qalmaqla yüksək yaşayış tərzinə və misli görünməmiş bir inkişafa nail ola bilərlər. Bu, indiki məqamda ən vacib situasiyadır". Bunu isə sabiq dövlət müşaviri Qabil Hüseynli Azərbaycan və Ermənistanın əməliyyatları dayandırması fonunda Dağlıq Qarabağla bağlı həll prosesini axar.az-a dəyərləndirərkən deyib.
Politoloq daha sonra deyib: "Ərazi bütövlüyümüzə hörmət göstərilir, Azərbaycan Dağlıq Qarabağa yüksək səviyyədə muxtariyyət verir, bu hüquqlar içərisində Dağlıq Qarabağ özünü idarə edərək hətta büdcəsini təşkil etsə belə, Azərbaycanın imkanları böyük olduğundan, rəsmi Bakıdan dotasiya almaq hüququna malik olur. Ermənilər bilməlidirlər ki, Azərbaycanın tərkibində yüksək yaşayış tərzinə qovuşa bilərlər. Rəsmi Bakı onların muxtariyyət səlahiyyətlərinə toxunulmayacağı və burada özünüidarəetmənin verdiyi bütün imkanlardan istifadə edəcəkləri vədlərini verə bilər".
Deputat, Milli Məclisin Təhlükəsizlik, Müdafiə və Korrupsiya məsələləri komitəsinin üzvü Zahid Oruc isə "Yeni Müsavat"a bildirdi ki, Azərbaycan vətəndaşlığı olan ermənilər də cinayətkar rejimin girovluğundadır: "Qarabağ hərəkatını başladan milyonlarla insanın faciəsinə səbəb olanlar indi Ermənistanda hakimiyyətdədirlər. Onlar hərbi mundirlərini prezidentlik libasları ilə əvəzləyərək iqtidara gəliblər. Lakin tarixdə hər zaman bir mistik təkrar olunma təcrübəsi var - ancaq əks işarə ilə. Aprelin 2-si Kəlbəcərin ələ keçirilməsi ilə köçəryanlar, yaxud sərkisyanlar xalqın nəzərində qəhrəmana çevrilmişdilərsə, indi vəziyyət tamamilə dəyişib. Müharibədən qazanan liderlərin parıltısı və gözqamaşdıran dəbdəbəsi fonunda millət müflisləşib, Qarabağ əhalisi miskinləşib və yazıq vəziyyətinə düşüb. 4 günlük müharibənin gün üzünə çıxardığı ən mühüm məsələlərdən biri də budur".
Z.Orucun fikrincə, indi erməni prezident əvvəlki mundirinə qayıdıb təzədən komandir olmaq istəsə də əksəriyyət daha ona inanmır və öz faciəvi yaşayışlarının əsas səbəbkarı sayırlar: "Azərbaycan son uğurlu hərbi əməliyyatları təkcə bir neçə yüksəkliyin ələ keçirilməsi ilə məhdudlaşmır, həm də silahı erməni əsgərinin başının arxasına dirəyib onlara əvvəlki mövqeləri almağı əmr edən rəhbərlərlə Qarabağ əhalisi arasında münaqişənin dərinləşməsi də çox əhəmiyyətli nəticələr sırasındadır. Senzura altında erməni mediasının bütün cəhdlərinə baxmayaraq, itkilər və son məğlubiyyətin gerçək təfərrüatları cəmiyyətə bəlli olduqca, istər İrəvanda, istərsə də Xankəndidə sosial-siyasi böhran dərinləşəcək. Bax, onda Sərksiyanın hakimiyyətdə qalması qeyri-mümkün olacaq. Azərbaycanın Qarabağı azad etməsi sadə erməni vətəndaşının milli varlığına heç bir təhlükə törətmədiyindən ölkə prezidenti onlara Təhlükəsilik Şurasının son iclasında müraciət etdi".
Deputat silahlıların da çıxış yolunun olduğunu bildirdi: ""Əfv dəhlizi" açıqdır və kimlərsə silahı atıb Azərbaycan qanunlarını tanıyaraq girovluqdan azad olmaq istəyirsə, dövlətimiz onlara bu zəmanəti verə bilər. Onsuz da əsgərlərimizin açdığı atəşin başlıca hədəfi səngərdəki silahlı ermənidir, hansı ki, arxasında xalqın yaşamadığı bir daha sübuta yetirildi. Bununla belə, bizim hamını qılıncdan keçirib "ermənisiz Azərbaycan" qurmaq kimi bir niyyətimiz yoxdur. Lakin müharibə istəyən onu alacaq və əfv diləyən erməni əllərini yuxarı qaldırmalıdır ki, onun təhlükəsiliyi təmin olunsun".






