"Xocalı qatillərini Beynəlxalq Haaqa Tribunalına çıxarmalıyıq"
Hüququn aliliyi bərqərar olunmalı və beynəlxalq hüquq normalarını kobud surətdə pozan Ermənistan sülhə məcbur edilməlidir.
Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə deyib.

Millət vəkili qeyd edib ki, o əmindir ki, Azərbaycan xalqı, dövləti, bütün qurumlar səylərini birləşdirərək "Xocalıya ədalət" beynəlxalq kampaniyasını genişləndirəcək və nəhayət, biz istədiyimizə nail ola biləcəyik: "Dünən ABŞ-ın Aydaho ştatında Xocalı soyqırımını rəsmi olaraq tanıdılar. Bu, Amerikanın artıq 21-cı ştatı oldu ki, 1992-ci ilin fevralın 26-da Xocalıda baş verən hadisələri azərbaycanlıların soyqırımı kimi tanıyıb. Xatırladım ki, ABŞ-da 51 ştat var. Deməli, işlərimizi elə qurmalıyıq ki, həm ABŞ-ın ştatları, həm bütün Avropa dövlətləri, həm də bütün federativ dövlətlərin torpaqları, parlamentləri bunu tanısın.

Biz bu kampaniyanı apararaq cinayətkarları beynəlxalq ədalət məhkəməsinə gətirməliyik. Biz çalışmalıyıq ki, hüququn aliliyi bərqərar olunsun və beynəlxalq hüquq normalarını kobud surətdə pozan Ermənistan sülhə məcbur edilsin. Biz Xocalıda uşaqları, qadınları, qocaları qətlə yetirənləri Beynəlxalq Haaqa Tribunalına çıxarmalıyıq ki, buna oxşar faciələr bir daha təkrar olunmasın. Biz hələ çox işləməliyik, bu, hələ ilkin addımlarımızdır".
Almaniya parlamentində erməni lobbisinin saxta "erməni soyqırımı"nın tanınması ilə bağlı qanun layihəsinin geri qaytarılmasına da münasibət bildirən A.Mollazadənin fikrincə, bu, bizim qələbələrimizin, ermənilərin isə məğlubiyyətinin başlanğıcıdır: "Almaniya parlamenti - Bundestaqda Türkiyədə 1915-ci il hadisələrinin "erməni soyqırımı" kimi qəbul edilməsini nəzər tutan qanun layihəsinin qaytarılması, əslində, bizim ümumi işlərimizin başlanğıcıdır. Lakin biz bu istiqamətdə hələ çox işləməliyik".

Qeyd edək ki, Almaniyada Yaşıllar Partiyası ölkə parlamentinə - Bundestaqa Türkiyədə 1915-ci il hadisələrinin "erməni soyqırımı" kimi qəbul edilməsini nəzər tutan qanun layihəsini geri götürüb. Bundestaqda aparılan müzakirələr nəticəsində hakim Xristian Demokratlar Partiyası (CDU), Xristian Sosial Birlik Partiyası (CSU) və Sosial Demokratlar Partiyası (SPD) Türkiyə ilə əldə olunan miqrant razılaşmasına hər hansı bir təhlükə yaranmaması üçün layihəyə dəstək verməyiblər. Ona görə də Yaşıllar layihəni geri götürməyə məcbur olublar. Lakin qanun layihəsinin apreldə - qondarma soyqırımının "ildönümü"ndə yenidən gündəmə gətiriləcəyi istisna edilmir.






