Elektriklə işləyən maşınların ölkəyə gətirilməsinə kimlər mane olur? – EKSPERT AÇIQLADI
"Bu məsələdə maraqların kəsişməsi baş verdiyindən elektrikli və hibrid maşınlarına daha geniş təşviq imkanını tanımırlar”
Sfera.az-a açıqlamasında bu sözləri qonşu Gürcüstandan fərqli olaraq Azərbaycanda ekologiyaya ziyan vurmayan hibrid və elektriklə işləyən avtomobillərə hələ də önəm verilməməsinə münasibət bildirərkən iqtisadçı ekspert Natiq Cəfərli deyib:
"Qonşu Gürcüstanda hibridlə işləyən avtomobillərə üstünlük verirlər. Son iki ik ildə isə elektriklə işləyən avtomobillərin gətirilməsində dəfələrlə artım olub. Əsas səbəb odur ki, hibridlə işləyən maşınlara cüzi rüsum alınır, elektriklə işləyənlərə isə ümumiyyətlə heç bir rüsum və və vergi tətbiq olunmur. Bu da gürcü vətəndaşlarını məhz həmin avtomobilləri almağa təşviq edir”.
Azərbaycanda isə durumun fərqli olduğuna diqqət çəkən ekspert bu sahədə gömrük və vergi rüsumlarında dəyişiklik olmadığından həmin tip avtomobillərin gətirilməsini sərfəli saymır: ”Elektrikli avtomobillərin ölkəyə gətirilməsində aksiz və motor həcminə görə hesablanan vergilər yoxdur. Amma bu maşınlar üçün 15 faizlik gömrük rüsumu nəzərdə tutulur ki, nəticədə də onun qiyməti baha olur. Hibrid avtomobilləri üçün isə ümumiyyətlə heç bir güzəşt yoxdur. Həm gömrük rüsumu, həm aksizlər, həm də ƏDV tətbiq olunur. Nəticədə həmin maşınların ölkəyə gətirilməsi baha başa gəlir. Məsələn, Gürcüstanda 8 min dollara olan Toyoto markalı hibrid maşınları Azərbaycana gətirdikdə öz qiyməti qədər rüsumlar əlavə olunacaq. Ona görə ölkəmizdə də hibrid və elektrikli maşınlar üçün sıfır vergi və gömrük rüsumu siyasətini tətbiq etməliyik”.
Müsahibimizin sözlərinə görə, Azərbaycana hibrid və elektriklə işləyən maşınların gətirilməsinə bir neçə səbəb maneə olur: "Belə ki, sıfır vergi rüsumu və vergi tətbiq olunsa, hibrid və elektrikli maşınların sayı artacaq. Amma bu fonda dövlət büdcəsinə daxil olmalar azalacaq. Keçən il 323 milyon manata yaxın bu yola büdcəyə vəsait daxil olmuşdu. Bu da onu göstərir ki, hibridli və elektrikli maşınlar məsələsində dövlət büdcəsinin maraqlarını önə çəkirlər, nəinki ekoloji və avtoparkın yenilənməsini. İkinci bir tərəfdən, ölkədə benzin satışı ilə SOCAR məşğuldur. Belədə hibrid və elektriklə işləyən maşınların artması ilə SOCAR-ın gəlirləri də azala bilər. Fikrimcə, bu məsələdə maraqların kəsişməsi baş verdiyindən elektrikli və hibrid maşınlarına daha geniş təşviq imkanını tanımırlar”.
Qeyd edək ki, son 15 ildə Gürcüstanda avtomobil sayı 4 dəfədən çox artıb, amma yanacaq istehlakı isə 15 il əvvəlki səviyyədən 2 dəfədən az yüksəlib. Bu da ondan irəli gəlir ki, Gürcüstan hibrid və elektriklə çalışan avtomobillərin ölkəyə gətirilməsini təşviq edir. Bu gün Gürcüstanda hər 10 maşından 4-dü ya hibrid, ya da elektrikli avtomobillərdir. Azərbaycanda isə hələ də ekologiyaya ziyan vuran benzin və digər yanacaq növlərilə işləyən maşınlara üstünlük verməkdə davam edirlər.
Elçin






