Çingiz Qənizadədən efirdə "dərman mafiyası"nın təbliğinə MÜNASİBƏT: "Yaxşının reklama ehtiyacı olmur"
"Telekanallarda tibbi verilişlərə çıxan həkimlərin iş yerindən müsbət xarakteristikası olmalıdır. Yəni, insanlar bilməlidir ki, həmin adamın işlədiyi müəssisə onu qəbul edir və yaxud etmir”.
Bu sözləri Sfera.az-a açıqlamasında Milli Məclisin deputatı, hüquq müdafiəçisi Çingiz Qənizadə bildirib.
Deputat deyib ki, efirə çıxıb həkim və hüquq məsləhətləri verən adamların savad və bilik səviyyəsi tamaşaçıya tam aydın olmalıdır:
"Daha yalandan saxta sertifikatlar və diplomlar almaqla həkim məsləhəti vermək yolverilməzdir. Bütün bunları mütləq yoxlamaq lazımdır. Əks halda bu cür hallar insanlarımızı çaşdırır, onlara zərər vurur.
İstər dərmanların satışı, istər həkim məsləhətləri və digər bu kimi hallar mütləq yoxlanılmalıdır”.
Çingiz Qənizadə qeyd edib ki, oxşar problemlər təkcə tibbi sahədə deyil:
"Bəzən vəkillərin də təbliğatları aparılır. Yaxşı vəkil adı ilə dələduzu efirə çıxarırlar. Əsas maraq yaxşı pul qazanmıqdır. Yəni, yaxşı nə varsa, insanlar onu tapıb mənimsəyəcəklər. İstər həkim, istər dərman, istərsə də vəkil olsun. Ümumiyyətlə, yaxşının reklama ehtiyacı olmur.
Telekanallara da əsasaən bu cür adamlar çıxıb özlərini reklam edirlər. Çox təəəssüf ki, bu gün sənətsiz və tərbiyəsiz adamların telekanallarda efirlərə çıxıb xalqa dərs keçməsinin şahidi oluruq. Təbii ki, bu da bizi ağrıdır”.
Deputat vurğulayıb ki, telekanallarda tibb və hüquq sahəsində yayımlanan verilişlər əslində layihədir:
"Yəni, həmin verilişlərin yayımlanması üçün telekanallara vəsait ödənilərək efir vaxtı alınır. Efir vaxtı üçün sərf edilən vəsait müəyyən reaklamlardan çıxarılır. Bu isə bəzi adamların həmin verilişlərə yol tapmasına şərait yaradır. Bəzən saxta diplomu və dərmanları olan adamlar efirlərə çıxaraq özlərini təbliğ edirlər. Bununla da həmin saxta diplomlu həkimlər özləri üçün müştəri tuta bilirlər. Yəni, burada onlar pul verib özünü reklam etmək prinsipi ilə çalışır. Pul olan yerdə isə bəzən bir sıra dəyərlər ön plandan arxa plana keçir”.
O, gələcəkdə "Reklam haqqında”, "KİV haqqında” qanunlara əlavə dəyişikliklər edilməsinə ehtiyac olduğunu söyləyib:
"Burada sağlam reklamın olması və tələblər vacib məsələdir. Düşünürəm ki, bu cür təkliflər həm mətbuatdan, həm də cəmiyyətdən gəlməlidir ki, mövcud problemlər aradan qalxsın”.
Orxan Bəşirov
Sfera.az






