Ərdoğanın sözçüsü: "İlham Əliyev Azərbaycanın alternativsiz lideridir" - EKSKLÜZİV
"Prezident İlham Əliyev Azərbaycanın alternativsiz lideridir. Azərbaycan xalqı da bunu təqdir edə biləcək dünya görüşünə sahibdir".
Bu sözləri Sfera.az-a eksklüziv açıqlamasında Türkiyə prezidentinin baş sözçüsü, Türkiyə Baş Nazirliyinin Mətbuat və İnformasiya Baş İdarəsinin müdiri Mehmet Akarca bildirib.
Prezident seçilməsi münasibətilə dövlət başçısı İlham Əliyevi təbrik edən Mehmet Akarca onun qələbə qazanacağının gözlənilən olduğunu söyləyib:
"Əslində, cənab İlham Əliyevin prezident seçkilərində qələbə qazanması gözlənilən idi. Çünki cənab İlham Əliyev Azərbaycan dövləti və xalqı üçün böyük işlər görüb. Onun prezident seçilməsinə bütün türk vətəndaşları sevinir. Necə ki, prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin möcüzəvi lideridirsə, prezident İlham Əliyev də Azərbaycanın son dərəcə bacarıqlı və səriştəli dövlət başçısıdır".
Mehmet Akarca qeyd edib ki, İlham Əliyev Azərbaycanı uğurlu inkişafa aparan prezidentdir:
"Cənab İlham Əliyevin seçkilərdə qələbə qazanması münasibətilə onu və Azərbaycan xalqını ürəkdən təbrik edirəm, gələcək fəaliyyətində uğurlar arzu edirəm".
Orxan Bəşirov






