“Dünənki gədələrdən qəhrəman olmaz” – Adil Əliyevdən təxribatçılara SƏRT CAVAB
"Almaniyada keçirdiyimiz tədbirdə təxribat törətmək istəyənlərin arzu və fikirləri ürəklərində qalıb. Onların arzu və istəkləri hələ uzun müddət ürəklərində qalacaq”.
Bu sözləri Sfera.az-a açıqlamasında Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, Milli Məclisin deputatı Adil Əliyev bildirib.
Adil Əliyev deyib ki, həmin təxribatçı şəxslər sahiblərinin verdiyi pulları yeməklə məşğuldur:
"Bu cür təxribatlarla onlar heç nəyə nail ola bilməyəcəklər. Azərbaycan hüquqi və demokratik ölkədir. Azərbaycan xalqı öz doğru seçimini etməyi bacarır. Bu gün Azərbaycanda mövcud olan ictimi-siyasi sabitliyi qoruyub saxlamaq hər bir azərbaycanlının borcudur. Hər bir azərbaycanlı öz dövləti, prezidenti, xalqı və ordusu ilə qürur duyur. Ona görə də biz həmin 3-4 nəfərin adını çəkməyi belə rəva görmürük. Onlar bu yolla qəhrəmana çevrilmək istəyirlər. Amma dünənki gədələrdən qəhrəman olmaz. Onları dəstəkləyənlər də onlar kimi həftələrlə çimməyən adamlardır. Biz onların təxribatlarına uymuruq və öz işimizi davam etdiririk. Sonadək də dövlətimizin və prezidentimizin yanında olacağıq”.
Adil Əliyev Almaniyada 31 mart soyqırımı və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə keçirilən tədbirlərə təxribatçıların heç bir təsirinin olmadığını söyləyib:
"Biz Almaniyada iki böyük tədbir keçirdik. Üçüncü məsələmiz də Almaniyada Azərbaycanı sevən və dəstəkləyən insanlarımızı bir araya gətirmək idi. Buna da nail olduq. Həmin insanları bir araya gətirib, tədbirlərimizi keçirdik. Təxribatçılar isə bizim Vətən və dövlət uğrunda təşkil etdiyimiz tədbirləri poza bilmədilər. Onların fəaliyyəti bizim üçün bayırda əsən küləyi xatırladırdı. Təbii ki, bu da bizə təsir göstərə bilməzdi".
Deputat qeyd edib ki, hazırda Azərbaycanda prezident seçkiləri öncəsi vəziyyət çox yüksək səviyyədədir:
"Mən 5 gün idi ki, Bakıda yox idim. Ötən gün gəlmişəm. Hazırda mən seçki qərargahındayam, insanların seçkilərə necə maraq göstərdiyinin şahidiyəm. Hesab edirəm ki, Azərbaycanın bütün bölgələrində əhalinin seçkilərə hazırlığı və marağı çox yüksəkdir. Mətbuat və sosial şəbəkələr vasitəsilə də şahid oluram ki, Azərbaycanda seçkilərə hazırlıq işləri yüksək səviyyədə həyata keçirilir. Əhalinin mütləq əksəriyyəti cənab prezident İlham Əliyevin namizədliyini dəstəkləyir. Düşünürəm ki, onlar böyük ümidlə cənab İlham Əliyevə səs verərək, onu yenidən Azərbaycan prezidenti seçəcəklər”.
Orxan Bəşirov






