Qərb cəbhəsindəki məğlubiyyətin əvəzin Putin öz qonşularından çıxa bilər
Bir müddət əvvəl Putinin müdafiə və təhlükəsizlik məsələsi, Rusiya hərbi sənayesinin "nəaliyyətləri” haqda çıxışı rus ictimaiyyətində qürur hissi yaratmaq, habelə ABŞ başda olmaqla anti-Rusiya qüvvələrini qorxutmaq məqsədi daşıyıdı.
Ancaq bu çıxış ciddi qəbul olunmadı. Ola bilsin ki, Putin bu çıxışı ilə daxildə istədiyinə - imicini, mövqelərini möhkəmlətməyə nail ola bildi. Amma xaricdə bu çıxış gözlənilən effekt vermədi. Xüsusən, uçan nüvə başlığının trayektoriyası haqda fikirləri ilə Putin öz ətrafını daha çox qorxutdu, nəinki ABŞ və Avropanı. Putinin yaxın ətrafı Qərblə nəinki müharibə, hətta münasibətlərin korlanmasını belə istəmir. Çünki ABŞ-da "Kremli siyahısı” çap edilib. Onların maraqları isə Rusiyadan daha çox Qərbdədir. Pulları, daşınmaz əmlakları, istirahətləri Qərbdədir, övladları Qərbdə təhsil alır və yaşayırlar.
Onların qorxuları özünü doğrultdu. Skripal məsələsindən Britaniya və diğər Qərb ölkələrindən rus diplomatları qovulmağa başladı.
Sfera.az bildirir ki, Britaniyanın müdafi naziri elə bugünlərdə Estoniyada çıxış edərkən dünyanın Putinə və onun hərəkətlərinə qarşı səbri tükəndiyini dedi:
" Britanıyanın müttəfiqləri tərəfindən hərtərəfli dəstəklənməsi Putinin məğlubiyyəti deməkdir”Ancaq Qərb cəbhəsindəki məğlubiyyətin əvəzin Putin öz qonşularından çıxa bilər.
Çıxışlarının birində o, SSRİ-nin dağılmasından sonra Rusiyanın 23,8 faiz ərazi itirməsi haqda fikirləri səsləndirmişdi."Diğər çıxışında SSRİ-nin dağılmasını XX əsrin geosiyasi fəlakəti adlandırmışdı. İndi sonuncu iddiaları da nəzərə alanda belə çıxır ki, Rusiyanın geosiyasi hədəfi imperiyanın bu ərazilərini bərpa etməkdir. Postsovet ölkələri bundan nəticə çıxarmalıdır. Əslində, Putini hakimiyyətə gətirən rus dərin dövləti ondan tələb edir ki, keçmiş imperiyanın sərhədlərini bərpa etsin.
Hələlik bu planları aşkar surətdə dillərinə Kremlin tutuquşuları – Jirinovski, Salavyov və diğərləri gətirir.
Krıma soxulmazdan əvvəl də bu tutuquşular danışırdı. Putin isə susurdu. Ancaq susmağına baxmayaraq Krım ilhaq edildi. Sonra Donbasda Rusiyanın "yaşıl adamcıqları” peyda oldu.
Vladimir Jirinovskinin Kremlin mövqeyini təbliğ edən "Tsarqrad TV” –yə müsahibəsin yada salaq . Onun fikrincə, Rusiyanın keçmiş SSRİ-nin sərhədlərini "dinc yolla” bərpa etməsinin qarşısında heç bir maneə olmayacaq. Çünki həmin keçmiş sovet respublikalarının əhalisinin özü bunu istəyir. "Onlar görsələr ki, ABŞ əlini çəkir, qarışmır, Rusiyaya birləşmək üçün özləri xahiş edəcəklər. Çünki əhali bunu istəyir, onlar SSRİ vaxtında daha yaxşı yaşayıblar. İndi isə pis yaşayırlar, varlılar yaxşı yaşayır, kasıblar isə indiki sistemi istəmir. Mən Qafqazda olmuşam, Qazaxıstanda yaşamışam, bilirəm ki, heç bir etiraz-filan olmayacaq. Xüsusən də SSRİ-nin ləğvi qanunsuz olub, Belovejsk sazişinin heç bir hüquqi qüvvəsi yoxdur”.
Jirinovski keçmiş SSRİ sərhədlərinin bərpa ediləcəyi halda, Qarabağ probleminin də "öz-özünə həll olunacağını” deyib. "Budur, Qarabağ. Onlar heç vaxt bu məsələni həll edə bilməyəcəklər. Ermənistanla Azərbaycan arasında daim müharibə olacaq. Ancaq biz onların hamısını götürəndə nə Qarabağ olacaq, nə Azərbaycan. Olacaq Bakı quberniyası, İrəvan quberniyası, Tiflis quberniyası, Kutaisi quberniyası, çarın vaxtındakı kimi”.
Göründüyü kimi Rusiya SSRİ-ni bərpa etmək planından heç vaxt vaz keçməyib. Qərb tərəfindən küncə sıxışdırılan, diplomatları kütləvi qovulan, beynəlxalq izolyasiyası artan Moskva daxildəki nüfuzunu bərpa etmək üçün bu planı tezləşdirə bilər.Analitik şöbə






