Yeni tikililərdə mənzil haqqları niyə yüksəkdir? - Ekspertdən AÇIQLAMA
Bildiyimiz kimi köhnə tikililərdə ödənilən mənzil haqqları ilə yeni binalarda, yəni "navastroyka"larda tələb olunan mənzil haqqı arasında böyük fərq var. Yeni tikililərdə hər binanın öz komendantı var və mənzil haqqı kvadratla hesablanır. Belə ki, hər kvadrata görə təxminən, 50-60 qəpik tələb olunur. Bina sakinlərinin hər biri ayda 50-65 manat mənzil haqqı ödəməli olur. Hesablasaq, bu ayda hər binadan 6-7 min pul yığılması deməkdir. Bu qədər pul hara xərclənir? Mənzil haqqı niyə bu qədər çoxdur?
Sfera.az bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Ramil Osmanlının fikirlərini öyrənib.

Ramil Osmanlı bu pulların toplanmasının qanunsuz olduğunu deyib:
"Xidmət haqlarına gəldikdə isə, bu xidmət haqları sahə mülkiyyətçilərinin iştirakı ilə müəyyənləşdirilməlidir. Bu müəyyənləşdirilmədə binanın idarə etməsinə qoyulan xərclər birbaşa hesablanır. Hər bir binada fond yaradılmalıdır. Bu binalarda qoyulan rəqəmlər ki var, məsələn, 50-60 azn. Bunların hamısı qanunsuz pullardır. Düşünürəm ki, gələcəkdə o pulların yığılıb hara xərclənməsi ilə bağlı müəyyən tədbirlər görüləcək”.
Onun sözlərinə görə, bu problemlər Azərbaycanda mənzil idarəçiliyi ilə bağlı qanunvericilik tam tətbiq olunduqda aradan qalxacaq:
"Bu biraz fərqli yanaşma tələb edən məsələdir. Azərbaycanda mənzil idarəçiliyi ilə bağlı qanunvericilik yaradılsa da, hələlik bunun tam tətbiq olunmasına imkan yaranmayıb. Çox mənzilli binalarda mənzillərin idarə olunması Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə tənzimlənir. Mənzil Məcəlləsində idarəetmənin 3 forması nəzərdə tutulur: Mənzil cəmiyyətlərinin müştərək idarə etmə forması, bələdiyyələr tərəfindən idarə etmə forması, mənzil tikinti koperativləri tərəfindən idarə etmə forması. Amma ötən 2017-ci ildə Azərbaycan Respublikasının prezidentinin 14 iyul 2017-ci il tarixli 1531 saylı fərmanı ilə mənzil tikinti korperativlərinin idarəsi ilə bağlı məcəllədə dəyişiklik edilməsi nəzərdə tutulub".
Ramil Osmanlı Mənzil-kommunal siyasəti şöbəsi sayəsində bu sahədə xeyli yaxşı işlərin görüldüyünü bildirib:
"Məsələn, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyində Mənzil-komunal siyasəti şöbəsi var, o şöbənin iştirakı ilə həmin sahədə bəzi işlər görülüb. Bir çox ərazilərdə artıq yeni mənzil müştərəkləri cəmiyyətləri yaradılıb və idarə etmə sisteminə keçirilib".
Nihat HÜSEYNZADƏ






