"Yeni icra başçısı özü bilir" - Yasamalın keçmiş meri bacısı oğlunun işdən çıxarılması BARƏDƏ
İbrahim Mehdiyev Sfera.az-a deyib ki, bacısı oğlu yaxşı işçi olub:
"İndi mən dəqiq deyə bilmərəm ki, Elşən Mustafayev nə üçün işdən çıxarılıb. Bunu yeni icra başçısı özü bilir. Mən onların işinə qarışa bilmərəm. Ümumiyyətlə, mən heç kəsin işinə qarışan adam deyiləm".
İbrahim Mehdiyev Yasamal Rayon İcra Hakimiyyətinin yeni təyin olunan başçısı Əziz Əzizovu da şəxsən tanımadığını söyləyib:
"Mən Əziz Əzizovla bir yerdə işləmədiyim üçün onu yaxından tanımıram. Mən Bakıda, o isə rayonda icra başçısı işləyib. Ona görə də mən onu yaxından tanımıram. Amma yeni icra başçısına da uğurlar arzu edirəm".
Xatırladaq ki, Yasamal Rayon İcra Hakimiyyətinin yeni təyin olunan başçısı Əziz Əzizov icra hakimiyyəti Aparatında bir sıra kadr dəyişiklikləri edib.
Ə.Əzizov rayon Təsərrüfat şöbəsinin baş məsləhətçisi Məmmədov Fəxrəddin Məhəmməd oğlunu özünə köməkçi təyin edib. Təsərrüfat şöbəsinin baş məsləhətçisi vəzifəsinə isə Həsənov Seyran Gülməmməd oğlu təyin olunub.
Bundan başqa, İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Mustafayev Elşən Cəfər oğlu işdən çıxarılıb. E.Mustafayev Yasamal Rayon İcra Hakimiyyətinin əvvəlki başçısı İbrahim Mehdiyevin bacısı oğludur.
Ə.Əzizovun müvafiq sərəncamı ilə Rzayev Adil Elçin oğlu Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri təyin olunub. A.Rzayev əvvəllər Əmlak Məsələləri Dövlət Komitəsində işləyib.
Həmin şöbənin baş məsləhətçisi Novruzova Nərmin Firuk qızı da işdən çıxarılıb.
İcra hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsində baş məsləhətçi işləyən Orucov Xəqani Fazil oğlu vəzifədən azad olunaraq İnformasiya təminatı və təhlili sektorunun aparıcı məsləhətçisi vəzifəsinə təyin edilib.
Qinyazlı Sadiq Rafiq oğlu Hüquq şöbəsinin məsləhətçisi vəzifəsindən azad edilib. Həmin vəzifəyə Ağayev Murad Əsgər oğlu təyin olunub.
İcra Hakimiyyəti Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsindən aparıcı məsləhətçi Əliyev Elnur Rafiq oğlu vəzifəsindən xaric olunub.
Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsindən məsləhətçi Abasov Həmidağa Məmmədağa oğlu da tutduğu vəzifədən azad edilib.
Orxan Bəşirov






