"Xocalı soyqırımı Rusiyanın dəstəyi ilə törədilib" - Türk generaldan CƏSARƏTLİ AÇIQLAMA
"Xocalı soyqırımı 20-ci əsrin sonunda dünyanın gözü qarşısında törədilən ən dəhşətli cinayət hadisəsidir. Ermənilər Xocalıda günahsız insanları qətlə yetirən zaman beynəlxalq təşkilatlar özünü görməməzliyə vurub".
Bu sözləri Sfera.az-a müsahibəsində Türkiyənin Hərbi Hava Qüvvələrinin ehtiyatda olan general-mayoru, sabiq millət vəkili, Aviasiya Universitetinin rektoru Kürşat Atılqan deyib.
Türkiyəli general Xocalıda törədilən soyqırımın həm də etnik təmizləmə olduğunu söyləyib:
"Erməni dövləti və terrorçuları Xocalı soyqırımını Rusiyanın dəstəyi ilə törədib. Ona görə Xocalı soyqırımının törədilməsində Ermənistan kimi Rusiya da məsuliyyət daşıyır".
Kürşat Atılqan qeyd edib ki, Xocalı soyqırımını dünyaya tanıtmaq Azərbaycan və Türkiyə dövlətlərinin ən vacib işlərindən biri olmalıdır:
"Xocalıda bizim millətə qarşı etnik təmizləmə, terror aktı törədilib. Bu, düşmən tərəfindən törədilən ən qatı cinayətlərdən biridir. Azərbaycan və Türkiyə də əsla bu qətliamı unutdurmamalıdır. Hər zaman dünyaya tanıtmalıdır. Əgər biz düşmənin törətdiyi cinayətləri unutsaq, o zaman ermənilər yenə də oxşar cinayətlər törədəcək".
Rektor Xocalıda qətlə yetirilən günahsız insanlara görə Azərbaycan xalqına başsağlığı diləyib:
"Xocalıda şəhid olan qardaş və bacılarımıza Allahdan rəhmət diləyirəm. Azərbaycan xalqına demək istəyirəm ki, Türkiyə hər zaman Azərbaycanın yanında olacaq. Biz Azərbaycanın kədərlərinə şərikik. Türkiyə Dağlıq Qarabağ münaqişəsinin də tezliklə ədalətli həllini və işğal altında olan torpaqların geri qaytarılmasını istəyir. Ümumiyyətlə, Azərbaycanın tarixi torpaqlarının işğaldan azad edilməsi təkcə Türkiyənin deyil, bütün türk dünyasının qarşıya qoyduğu əsas vəzifə olmalıdır. Bunun üçün Azərbaycan Silahlı Qüvvələrinin daha da güclənməsi şərtdir. Torpaqların işğaldan azad edilməsi üçün Türkiyə Azərbaycana həm diplomatik, həm də hərbi dəstək verməyə hazırdır".
Lətif Əhmədov







