Tomas de Vaaldan Qarabağla bağlı qərəzli məqalə - Tarixi faktlar təhrif edildi
Qərbdə Qafqaz və daha çox da Dağlıq Qarabağ problemi üzrə ən çox tanınan ekspertlərdən biri Tomas de Vaal Kornegi Mərkəzinin saytında ayın 20-də dərc edilmiş növbəti məqalə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqda 1988-ci il fevralın 20-də DQMV Xalq Deputatlar Sovetinin sessiyasında təsdiqlənən qanunsuz akt və sonrakı proseslərə həsr olunub. "Qarabağ konflikti "Minimal layihə” adlanan məqalədə müəllif Ermənistan – Azərbaycan münaqişəsi ətrafında gedən tarixi hadisələrə də toxunur.
Sfera.az xəbər verir ki, millət vəkili Sahib Alıyev Tomas de Vaalın sözügedən məqalədəki iddialarını şərh edib. Millət vəkili qeyd edib ki, müəllif o zaman baş verənlərə yanaşmada neytral görünməyə çalışsa da, obyektiv deyil və çoxlu səhvlərə yol verib:

"Birinci səhv ondadır ki, o, Sumqayıt hadisələrinin arxasında SSRİ DTK-nın dayanmadığını, onun Ermənistanda yaşayan azərbaycanlılara qarşı törədilmiş cinayətlər haqda yayılan saxta informasiyalar əsasında kortəbii baş verdiyini bildirir. Birincisi, onun saxta informasiya adlandırdığı heç də saxta deyildi. Artıq o zaman Ermənistanda oz doğma torpaqlarında yaşayan yüzlərlə azərbaycanlı ailəsi şil-küt edilərək oradan qovulmuşdu və qovulanların da bir hissəsi Sumqayıta gəlib çıxmışdı. Fevralın 21-də İrəvanda bir çox azərbaycanlının evləri, uşaqlarının oxuduğu Mirzə Fətəli Axundov adına orta məktəb, Dəmirbulaq məscidi yandırılmış və buna bənzər digər olaylar törədilmişdi. Cənab Vaalın ötəri qeyd etdiyi kimi bunlar saxta informasiya yox, dəhşətli cinayətlər idi və onların da ardınca Erməmistanda yaşayan azərbaycanlılara qarşı daha amansız cinayətlərə, eyni zamanda da çoxsaylı qətllərə yol verildi. Nəticədə dədə-babalarının qədim yurd yeri olan həmin torpaqlarda indi bir azərbaycanlı belə qalmayıb, bu da saxta informasiya yox, faktdır. İkincisi, Sumqayıt hadisələrinin arxasında məhz SSRİ DTK-nın dayandığı, orada baş verənlərə erməni millətindən olana DTK agentlərinin rəhbərlik etdikləri çoxdan təsdiqini tapıb. Onunla bağlı ingilis dilində də çoxsaylı istintiaq materialları da var və inanmıram ki, müəllif bundan xəbərsizdir”.
Dağlıq Qarabağ danışıqlarına gəldikdə britaniyalı ekspert yazır ki, guya onun nəticəsizliyi tərəflərin buna hazır olmamalarından qaynaqlanır, tərəflər öz aralarında hər hansı bir razılığa gəlsələr, Moskva bunu dəstəkləyəcək. Sahib Alıyev Vaalın bu iddiasının da yalnış olduğunu deyib: "Belədirsə, sual olunur: bəs onda Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan niyə devrildi və 1999-cu ildə oktyabrın 27-də Ermənistan parlamentində törədilən terror aktı nə üçün idi? İkincisi, Azərbaycan torpaqlarının işğaldan azad edilməsini ön görən həllə niyə hazır olmamalıdır, səbəb nədir? Tomas de Vaal sözügedən yazıda guya yenə neytrallıq sərgiləyərək bildirir ki, 1994-cü ildə Azərbaycan kimi Ermənsitan da Rusiya hərbçilərinin Qarabağda yerləşdirilməsinin əleyhinə olub. Doğru deyil, nə o zaman ermənilər bunun əleyhinə çıxmışdılar, nə də indi əleyhinədirlər. Əgər belə olmasaydı, onda Rusiyanın Qafqazdakı ən böyük hərbi bazası orada yerləşdirilməz və Ermənistan sərhədlərini rusiyalı hərbiçilər qorumazdı”.
Millət vəkilinin sözlərinə görə Tomas de Vaalın yol verdiyi yanılışlıqlardan biri də odur ki, onun fikrincə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağ probleminin həllində irəliləyişlər olmasında prezident Vladimir Putindən daha çox maraqlıdır:
"Azərbaycanda isə əksər ekspertlər tam əks fikirdədirlər və buna əsasları da var. Hansı əsaslardan söhbət getdiyini danışıqlarla bağlı yetərincə informasiyası, həm də insayder informasiyası olan cənab Vaal da bilməmiş deyil. Bir sözlə, neytrallıq yaxşı şeydir, ancaq əsl neytrallıq tərəfləri eyni rakursda təqdim etmək yox, olanları obyektiv dəyərləndirməkdir ki, müəllifin Dağlıq Qarabağ problemiylə bağlı bir çox yazılarında olduğu kimi bu məqaləsində də ona rast gəlinmir”.
Mənsur Rəğbətoğlu
Sfera.az






