İran və “Hizbullah”dan gözlənilməz həmlə: Türkmənlərə tarixi şans, Astana danışıqlarına “qırmızı işıq”
"Türkiyənin Afrində keçirdiyi əməliyyatlara qarşı Bəşər Əsəd ordusu və İran tərəfindən dəstəklənən "Hizbullah" hərbi təşkilatının Afrinə doğru irəliləməsi, Tehran və Moskvanın Ankaraya qarşı növbəti həmləsidir”.
Bunu Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə belə deyib. Politoloq qeyd edib ki, Rusiya və İran Türkiyə ilə Suriya məsələsində strateji tərəfdaşlığa sadiq deyil:
"Türkiyəyə münasibətdə bu iki ölkənin ABŞ-dan heç bir fərqi yoxdur. Türkiyənin çevik diplomatik gedişləri və hərbi tədbirləri "Hizbullah”ın geri çəkilməsi ilə nəticələndi. Hesab edirəm ki, "Hizbullah” və Əsəd ordusu YPG-yə dəstək verəcəyi halda, Türkiyə dağıdıcı hücuma keçib həm "Hizbullah”ı, həm də Əsəd ordusunu darmadağın edə bilər. Belə bir həmlə Rusiya - Türkiyə - İran formatında Astanada gedən danışıqları sonlandıra bilər”.
M.Əsədullazadə diqqətə çatdırıb ki, Türkiyənin Afrində keçirdiyi hərbi əməliyyatlar bu ölkənin təhlükəsizliyinin təmin edilməsinə hesablanıb:
"Türkiyə Afrində istədiyi nəticələri əldə etsə, Suriyada yaşayan türkmənlər muxtariyyət əldə edəcəklər. Türkiyə buna nail olmasa, türkmənlərin muxtariyyət istəkləri birdəfəlik aradan qalxacaq. Suriyada İraqdakı vəziyyətdən də qorxulu situasiya yarana bilər. Lakin Türkiyə Şimali İraqdakı səhvini Şimali Suriyada türkmən muxtariyyəti qurmaqla düzəldə bilər. Çünki ABŞ, Rusiya və İran Suriyadan çıxmaq niyyətində deyil. Bu baxımdan, Suriyanın muxtariyyətlərə bölünməsi şübhəsizdir. Türkiyə bu tarixi şansdan istifadə edərək, "türkmən kartı” ilə kürd layihəsini zərbə altında qoya bilər”.
Mənsur Rəğbətoğlu







