Qəbulla bağlı dəyişikliklər tələbələrin yararınadırmı? - Kamran Əsədovdan AÇIQLAMA
Bildiyimiz kimi, bu gün Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda Dövlət İmtahan Mərkəzinin (DİM) təklifinə əsasən müəyyən dəyişikliklər edilib.
Qəbul qaydalarında edilmiş əsas dəyişiklik ondan ibarətdir ki, qəbul imtahanları hər tədris ilində iki dəfə - yaz və yay sessiyaları şəklində keçiriləcək və hər sessiyada I-IV ixtisas qruplarından biri üzrə imtahanda iştirak edə biləcəklər.
Sfera.az-ın əməkdaşı bununla bağlı təhsil eksperti Kamran Əsədovun fikirlərini öyrənib.

Kamran Əsədov bildirib ki, bunun həm mənfi, həm də müsbət tərəfləri var. Ekspert dəyişikliklərin müsbət tərələrini belə xarakterizə edib:
"Bildiyimiz kimi indiyə qədər ali məktəblərə qəbul imtahanlarında hər abituriyentin seçdiyi qrup üzrə bir dəfə seçim haqqı ola bilərdi. Hətta elə abituriyentlər vardı ki, yaz və yay imtahanlarında istədikləri nəticəni əldə etmirdilər. Məsələn I ixtisas qrupu üzrə ciddi hazırlaşıb əsas ixtisas olan riyaziyyatdan yaxşı nəticə göstərsə də, digər fənlərdən zəif nəticə göstərir. Bu abituriyent öz riyazi biliklərini III qrupda göstərməklə daha yüksək nəticə əldə edə bilər. Onsuz da, müəyyən fənlər var ki, (Azərbaycan dili, xarici dil, riyaziyyat) demək olar bütün ixtisas qruplarında var. I qrupun riyaziyyat fənninin ağırlığı III qrupdakı riyaziyyatın ağırlığı ilə eyni deyil. I qrupda zəif nəticə göstərən abituriyent III qrupda riyaziyyat fənni ilə keçid balının 50%-ni toplaya bilər. Yerdə qalan Azərbaycan dili və başqa fənlərdən də hazırlaşan abituriyent yəqin ki, bu fənlərdən də 50% nəticə əldə etsə, artıq ali məktəbə qəbul olmuş sayılır".
Onun sözlərinə görə, dəyişikliklərlə bağlı tələbələrin xeyrinə olmayan nüansları isə bunlardır:
"Mənfi tərəfi odur ki, abituriyent istənilən ixtisas qrupunun minimum tələblərini ödəməlidir. Abituriyent əgər ixtisas qrupunu dəyişirsə və digər fənləri yaxşı bilmirsə, onda həmin ixtisas qrupunun minimum tələblərini ödəyə bilməyəcək. Bu zaman keçid balını toplamış sayılsa belə, digər fənlərin minimum tələblərini ödəyə bilməyibsə, abituriyentin şansı azalmış olacaq. Qeyd edim ki, əgər bir abituriyent bir ixtisas qrupunda 150 bal, digərində 200 bal toplayıbsa, bu statistik göstəricilərdə eyni adam olsa da fərqli kateqoriyalarda göstəriləcək. Bu da ixtisas seçimi etdiyi zaman statistik göstəricilərdə ortaya problemlərin çıxmasına səbəb olacaq".
Nihat HÜSEYNZADƏ






