İncəsənət adamlarından Arif Hacılının sözlərinə CAVAB: "Bu demoqoqluqdur"
Müsavat başqanı Arif Hacılı sosial şəbəkədə növbədənkənar prezident seçkilərində İlham Əliyevi dəstəkləyən incəsənət xadimlərinə səslənib.
O, bildirib ki, ədəbiyyat və incəsənət adamlarının etdikləri siyasi çağırışlar ciddi qanun pozuntusudur:

"Siyasətdən uzaq, dəfələrlə "mən siyasətə qarışmıram"- deyən, ədəbiyyat və incəsənət adamlarının dünənki yersiz, mənasız, yalanlarla zəngin olan siyasi çağırışları, həm də ciddi qanun pozuntusudur. Kimsə onları başa salmalıydı ki, bu davranışları azad seçkilərin ana prinsiplərindən olan bərabərhüquqlu təbliğat imkanları prinsipinin, Seçki Məcəlləsinin təşviqat kampaniyası başlamazdan əvvəl təbliğatı qadağan edən müddəasının kobud şəkildə pozulmasıdır.
Yəqin deyəcəklər ki, xəbərimiz yox idi. Amma, hətta 18 yaşlı bir çox gənclərimiz səviyyəsində siyasi bilikləri olmasa da 100 il əvvəl Cümhuriyyət qurmuş bir xalqa siyasi yön verməyi özlərinə rəva bildilər. Heç olmasa susmağa dəyanətləri çatmadı. Sakın. Bir daha qəddar rejimə və sizin kimilərə qarşı vuruşub həyatlarını itirən Hüseyn Cavidin, Müşfiqin, Almas Yıldırımın, Əhməd Cavadın... adlarını çəkməyin. Bu adamların nüfüzuna sığınıb, nüfuz qazanmağa çalışmayın. Sizinki Yaqodadı, Beriyadı, Bağırovdu, Əliyevdi...”
Sfera.az olaraq Arif Hacılının səsləndirdiyi fikirlərə bir neçə incəsənət xadimindən münasibət öyrəndik.
"Biz cənab prezidentlə bağlı gördüklərimizi demişik"
Bunu Aşıqlar Birliyinin sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı deyib. Sədr sözlərinə belə davam edib:

"Çox nahaq yerə bu cür ifadələr söyləyib. Əvvəla hamımız siyasətin nə olduğunu yaxşı bilir və hər şeyi yaxşı başa düşürük. Bu anlamda onun haqqımızda dediyi bu ifadələr sadəcə ayıbdır. İkincisi də biz cənab prezidentlə bağlı nə demişiksə, gördüklərimizi demişik. Məsələn, mən toplantıda çıxışımda misal gətirərək bildirmişəm ki, BMT-də Türkiyə ilə bağlı ermənilər fikir səsləndirir. Prezident İlham Əliyev də onların fikirlərinə qarşılıq verərək, "Türkiyə burada deyilsə, mən buradayam. Siz nə demək istəyirsiniz? ” – kimi iradlarını bildirir. Türk dünyası ilə bağlı bu cür sözlərin BMT BMT kimi bir yerdə deyilməsi böyük şeydir və olduqca mühüm məsələdir. Bunu hər adam deyə bilməz. Bu isə o deməkdir ki, İlham Əliyev bu sahədə çox tanınmış və sözünün dəyəri olan biridir. Ölkəmizin günü-gündən çiçəklənməsi göz önündədir. Küçəyə çıxırsan, hər yer səliqəli, təmizdir. Rayonlarda kəndlərin arasına qədər yeni yollar çəkilib. Əhali üçün də hər bir şərait yaradılır. Düşünürəm ki, hər şey bundan da yaxşı olacaq. Buna görə də deyilən fikirlərlə razı deyiləm. Allahın köməkliyi ilə seçki baş tutacaq və İlham Əliyev növbəti dəfə prezident seçiləcək”.
Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq Yazıçısı Anar isə Arif Hacılını Azərbaycan prezidenti kimi təsəvvür etmədiyini bildirib:

"Bəli, keçirilən toplantıda iştirak edənlərdən biri də məniydim. Çıxışımda da bildirdim ki, ölkə ziyalıları aprelin 11-də keçiriləcək prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyəcək. Bununla yanaşı Prezident İlham Əliyevin mədəniyyətimizə, incəsənətimizə sonsuz qayğısından, gənc və yaşlı yazıçılara diqqətindən, AYB-in 80 illik yubileyinin yüksək səviyyədə keçirilməsindən də söz açdım. Qeyd etdim ki, yaradılan şərait ölkəmizin inkişafı, xalqımızın uğurlu gələcəyi naminə qarşıdakı seçkilərdə ulu öndər Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevə səs verməyə əsas yaradır. İndi Arif Hacılı deyir ki, qanun pozuntusudur. Hansı qanunu pozmuşuq? Düzdür, bir vətəndaş olaraq seçkilərdə İlham Əliyevə alternativ görmürəm. Arif Hacılının özünə gəldikdə isə onu heç Azərbaycan prezidenti kimi təsəvvür etmirəm. Onun dediyi sözləri sadəcə demaqoqluq hesab edirəm”.
Xalq artisti Afaq Bəşirqızı da Arif Hacılının fikirlərinə münasibət bildirib:

"Bizdən öncə bir neçə partiyadan namizədliyini irəli sürən şəxslər dəstəklənmişdi. Arif Hacılı indi nəyə görə, məhz mədəniyyət və incəsənət xadimlərinə irad bildirir? İlk olaraq onu deyə bilərəm ki, Arif bəyə ziyalı kimi böyük hörmətim var. Mənə də elə gəlir ki, o, da öz vətənini sevən biridir.
Tədbir haqqında dedikləri sözlərin bir hissəsi mənə də çatır. Çünki o tədbirdə mən də iştirak etmişəm. Ümumi şəkildə fikir bildirməsi isə doğru deyil. İstər vətən, istər dövlət, istərsə də cəmiyyət qarşısında alnım həmişə açıq olub. Dediyim sözlərin də yiyəsi, sahibi olmuşam. Ola bilər ki, tədbirdəki çıxışım tam şəkildə verilməyib. Mən orada belə bir ifadə işlətmişəm ki, bu kürsü və deyilən sözlər Azərbaycan tarixi qarşısında bizim cavabdehliyimizdir. Özümüz olmasaq da ətrafımız, doğmalarımız buna görə cavab verəcək. Məhz buna görə də səmimiyyət və məsuliyyəti hər bir Azərbaycan vətəndaşı hiss etməlidir. İkinci növbədə deyə bilərəm ki, dediyim hər bir sözün məsuliyyətini daşıyıram. Düzdür, siyasətdən uzaq biriyəm. Buna görə də siyasi baxışlarım bir çox tanınmış siyasətçilərin fikirləri ilə uzlaşmaya bilər. Söz natiqi olsam da, siyasətdə istedadsızam. Bu mövzuda Arif bəyin fikirləri ilə razıyam. Amma o da bilməlidir ki, xalq tərəfindən qəbul olunan, fikirlərinə inanılan, sözlərinə hörmət olunan Azərbaycan ziyalılarını savadsız, dar düşüncəli, kiminsə nüfuzuna sığınan adlandırması düzgün deyil. Ola bilər ki, ona kimlərinsə mövqeyi xoş gəlməyə bilər, amma bunu ümumiyə aid etməməlidir”.
Ölkə ziyalıları 2018-ci il aprelin 11-də keçiriləcək prezident seçkilərində İlham Əliyevin namizədliyinin irəli sürülməsi haqqında bəyanat qəbul ediblər.
Keçirilən toplantıda Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq Yazıçısı Anar, Yazıçılar Birliyinin katibi, Xalq Yazıçısı Çingiz Abdullayev, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Azərbaycan Memarlar İttifaqı idarə heyətinin sədri Elbay Qasımzadə, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova, Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətov, Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı, Xalq artistləri Amaliya Pənahova, Hacı İsmayılov, Afaq Bəşirqızı apreldə keçiriləcək prezident seçkilərində İlham Əliyevin namizədliyinə səs verəcəklərini bildiriblər. Həmçinin toplantıda ziyalılar ölkə həyatında son illərdə görülən işlərdən danışıb, yaradıcı insanlar üçün yaradılan şəraiti yüksək qiymətləndiriblər.
Elvin Paşazadə






