Zahid Oruc: "Heydər Əliyevin qurduğu ölkədə xəyallar gerçəkləşir"
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Zahid Oruc aprelin 11-nə təyin edilən növbədənkənar Prezident seçkilərinə namizədliyini irəli sürüb.
Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən millət vəkili təşəbbüs qrupu tərəfindən müstəqil qaydada seçkilərə qatılacağını deyib. O bildirib ki, seçkilərdə əsas hədəfimiz gənclərin ölkədə layiqli yerlərini tutmasıdır:
"Mən sadə bir ailənin övladıyam. Heç bir partiya mənsubiyyətinə malik deyiləm. Ölkəmizdə milyonlarca insan partiya vəsiqəsi daşımır. Əgər zəhmətkeş bir ailənin təmsilçisi prezidentliyə namizəd ola bilirsə, deməli, ulu öndər Heydər Əliyevin qurduğu ölkədə xəyallar gerçəkləşir. Mənə görə ən böyük sərvət insanların arzusudur. Vaxtilə böyük ideallarla yaşayan sadə amerikalılar kimi bizim də arzularımız var. Baxın, ölkəmizdə müstəqillik illərində doğulan nəslin artıq 27 yaşı var və onlar yetkin şəxslərdir. Həyatda uğur qazanaraq, öz layiqli yerlərini tutmağa çalışırlar. Prezident seçkilərində bizim əsas hədəf qrupumuz onlar olacaqdır. Seçkilərin nəticələri birinci növbədə xalqa lazımdır. Biz ölkəmizin gələcəyinə inananların birliyinə nail olmalıyıq. Digər addımlarımız haqda mətbuata və ictimaiyyətə mütəmadi məlumatlar veriləcək”.
Elvin Paşazadə






