Əliyev-Tillerson görüşünün əhəmiyyəti... - ŞƏRH
"ABŞ-ın ən yüksək rəsmi şəxsi ilə Azərbaycanın prezidentinin təması çox ciddi bir hadisədir. Azərbaycanın problemlərinin diqqət mərkəzinə gətirilməsi baxımından da faydalıdır".
Bu sözləri Sfera.az-a Azərbaycan Prezidenti İlham Əliyevlə ABŞ Dövlət katibi Reks Tillersonun görüşünü şərh edərkən millət vəkili Fazil Mustafa deyib.

Millət vəkili bildirib ki, xüsusilə indiki məqamda, yəni Qarabağ məsələsində və bu qədər gərginliyin yaşandığı dövrdə ABŞ-ın mövqeyinin öyrənilməsi və bir başa ünsiyyətdə bizim mövqeyimizin çatdırılması olduqca vacibdir:
"Bu görüş çox yüksək qiymətləndirilməlidir. Nəticələri də müsbət olacaq. Çünki Rusiyaya nə qədər yaxın məkanda yaşasaq da, dünya ilə inteqrasiya baxımından ABŞ-la münasibətlərimizin böyük əhəmiyyəti var".

Politoloq Natiq Mirinin sözlərinə görə, Tramp administrasiyasının yeni dövlət katibi Reks Tillersonla baş tutan görüş çox əhəmiyyətlidir:
"İlham Əliyev Azərbaycan dövlətinin ABŞ-a münasibəti və dövlət siyasəti haqqında müəyyən təəssurat yarada bilib. Ayrıca Cənub Qaz Dəhlizi prosesi layihəsinin ərsəyə gəlməsi üçün mütləq mənada böyük dünya gücünün, yəni ABŞ kimi qlobal gücün dəstəyinə ehtiyac var. Bu gün TANAP layihəsinə elə böyük problem olmasa da, onun bir qolu olan TAP layihəsi, yəni İtaliyadan keçən TAP xəttində müəyyən problemlər var. Rusiyanın maliyyəsi ilə müəyyən ünsürlər İtaliyada hələ də ekoloji bəhanələrlə Azərbaycana çox ciddi problemlər yaradırlar. Bu xəttin keçdiyi şəhərin qubernatoru da TAP layihəsinə qarşı dünən bəyanat verib. Bütün bunları nəzərə alanda təbii ki. ABŞ kimi bir dövlətin geo-siyasi dəstəyinə ehtiyac var. Ən azından bu cür əngəlləri qısa müddətdə aradan qaldırmaq mümkün olsun. Bu görüş həm geo-siyasi cəhətdən, həm də Azərbaycan-ABŞ mnasibətlərinin gələcəkdə müsbət məcraya daşınması baxımından əhəmiyyətlidir. Ən nəhayət ABŞ-ın Dağlıq Qarabağ problemində aktivləşməsi təbii ki, Azərbaycanın marağı çərçivəsindədir. Qarabağ problemini birmənalı olaraq Rusiyanın monopoliyasına vermək bu münaqişənin həllinin qarşısına böyük əngəl çəkməkdir. Həm ABŞ, həm də Fransa dövləti Qarabağ problemini təkcə bir dövlətin öhtəsinə buraxıb müşahidəçi olmamalıdırlar. ABŞ bütün regionlarda, xüsusilə Yaxın Şərq və Ukraynada necə aktivdirsə, Cənubi Qafqazda da o səviyyədə aktiv olmalı və təşəbbüsü öz əlinə almalıdır".
Qeyd edək ki, ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İstanbulda ABŞ Dövlət katibi Reks Tillersonla görüşüb.
Azad Əliyev
Sfera.az






