Nazirlərin görüşü formal xarakter daşıyacaqsa, bunun heç bir mənası yoxdur - Politoloq mövqeyi
"Nazirlərin görüşü formal xarakter daşıyacaqsa, görüş naminə çağırılırsa, bunun heç bir mənası yoxdur. Eyni zamanda o görüşdə iki yaşlı Zəhranın və onun nənəsinin öldürülməsi məsələsi müzakirə olunarsa, ciddi müzakirələr aparılarsa, XİN rəhbəri Elmar Məmmədyarovun iştirakı müsbətdir".
Bu sözləri Sfera.az-a iyulun 11-də Avstriyanın Mauerbax şəhərində ATƏT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi mərasimi çərçivəsində təşkil ediləcək Elmar Məmmədyarov və Nalbəndyanın görüşünü şərh edərkən politoloq Fikrət Sadıqov bildirib.

Politoloq mövqeyimizin, reallıqlarımızın çatdırılmasını, hətta əyani sübutlarla və vasitələrlə göstərilməsini istəyib:
"Avropanın bu məsələ ilə tanış olması çox vacibdir. Bunlar həyata keçirilərsə görüşün baş tutmasına tam razıyam. Yox, əgər bu məsələni arxa plana çəkəcəklərsə və planlaşdırmayacaqlarsa, görüşün heç bir mənası olmayacaq. ATƏT elə bir təşkilatdır ki, onların heç bir qətiyyətli mövqeyi olmayacaq. Biz artıq bunu 25 ildir bilirik. Bunu hücumedici şəkildə özümüz Avropaya çatdırmalıyıq. Həm ATƏT, həm Avropa Şurası, həm də BMT-nin Təhlükəsizlik Şurası formatında qətiyyətli prinsipial mövqeyimizi bildirməliyik. Və hər hansısa qərarın qəbul edilməsində israrlı olmalı və tələb etməliyik".
Xatırladaq ki, iyul ayının 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisinin və mülki obyektlərinin hədəflənmiş şəkildə və qəsdən 80 və 102 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra həlak olublar. Digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz yaralanıb və mülki obyektlərə zərər yetirilib.
Tanınmış politoloq Elxan Şahinoğlu da daxil olmaqla, bir sıra müstəqil politoloq və sosial şəbəkə istifadəçiləri iki yaşlı Zəhranı qətlə yetirən terrorçu dövlətin XİN rəhbəri ilə görüşdən Elmar Məmmədyarovun imtina etməsi mövzusunda təklif irəli sürüblər.
Azər Salam
Sfera.az






