Ölkə rəhbərliyinin bu istiqamətdə qərarı qətidir... - SENSASİON AÇIQLAMA
Azərbaycan və Rusiya arasındakı hökumətlərarası razılaşmaya əsasən və uğurla inkişaf edən hərbi-texniki əməkdaşlıq çərçivəsində ölkəmizə ən yeni hərbi texnikanın plana uyğun çatdırılması həyata keçirilib. Bakı limanına gətirilən çoxlu sayda müasir silahlar yaxın vaxtlarda cəbhəboyu zonaya göndəriləcək. Bu silahlar düşmənin zirehli texnikası, mühəndis-istehkam qurğuları, kiçik sürətli hava hədəfləri, canlı qüvvəsi və digər hərbi obyektlərinin vurulması üzrə Azərbaycan Silahlı Qüvvələrinin ön xətt bölmələrinin döyüş və manevr imkanlarını artıracaq. Rusiya hərbi texnikası və silahlarının Azərbaycana gətirilməsi davam edəcək.
Eyni zamanda 26 iyun – Azərbaycan Silahlı Qüvvələri Günü ərəfəsində "Rosoboroneksport” SC-nin baş direktoru Aleksandr Mixeyev birincilər sırasında Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun adına təbrik məktubu ünvanlayıb. Təbrikdə qeyd edilir ki, ölkələrimizin birgə səyləri dövlətlərimizə fayda gətirəcək və Azərbaycanın müdafiə qabiliyyətinin möhkəmlənməsinə xidmət edəcək. Məktubda həmçinin bildirilir ki, hərbi-texniki əməkdaşlığın inkişafı Azərbaycan xalqının sülh və əmin-amanlığının təmin olunmasında Azərbaycan Silahlı Qüvvələrinin güc və qabiliyyətinin daha da artırılmasına xidmət edəcək.
Sfera.az-a danşarkən hərbi ekspert Üzeyir Cəfərov söyləyib ki, Silahlı Qüvvələr günü öncəsi Rusiyadan Azərbaycana gətirilmiş "Xrizantema-S" TƏRK haqqında indilər məlumat verildiyinə görə bu bir qədər cəmiyyətdə ajiotaj və maraq yaradıb.

Ekspertin fikrincə, bu silahlar haqqında Azərbaycan ilə RF arasında hələ 3 il bundan öncə razılaşma əldə edilmişdi və analoji silahın ilk partiyası Silahlı Qüvvələrimiz tərəfindən 2015-ci ildə artıq istifadəyə qəbul edilmişdi:
"Bu silah öz parametrlərinə görə çox müasir və modern silah sayılır. Rusiyadan sonra çox məhdud sayda ölkələr bu tank əleyhinə raket kompleksinə sahibdirlər. Bildiyiniz kimi, bu silahların daha müasiri və daha dəhşətlisi Azərbaycan tərəfindən İsraildən alınıb və ötən ilin aprel hadisələri zamanı həm "Spayk" tipli tank əleyhinə raket kompleksi və "Xrizantema-S" TƏRK ermənistanın xeyli sayda ağır zirehli texnikasını şəxsi heyətlə sıradan çıxartmışdı. Və indi də bədnam qonşularımız çalışırlar ki, Azərbaycanın halal yolla əldə etdiyi bu müasir silahlarla bağlı lazımsız bir hay-küy qaldırsınlar. Özləri də gözəl bilirlər ki, onların atdıqları bu addımlar uğursuzluğa düçar olacaqdır. Biz öz müdafiə və təhlükəsizliyimizi daha da artırmaq üçün nə lazımdırsa etmişik və bundan sonra da edəcəyik. Ölkə rəhbərliyinin bu istiqamətdə qərarı qətidir və SQ üçün bundan sonra da nə lazım olsa alınacaqdır".

Siyasi şərhçi Sədrəddin Soltanın sözlərinə görə, ərazi bütövlüyünün, dövlətimizin təhlükəsizliyinin təmin edilməsi, təhdidlərin qarşısının alınması üçün silahlanmaq vacib elementlərdəndir:
"Dövlətimiz var olduqca onun ərazi bütövlüyünün qorunması və təmini, habelə düşməni də olacaq. Bütün dövlətlər silah arsenalında çağdaş tələblərə cavab verə biləcək silah-sursat və hərbi texnikaya malik olmaq istəyir. Bu baxımdan Azərbaycan da öz silahlı qüvvələrinin daha müasir silahla silahlanmasında maraqlıdır. Məsələnin o biri və indiki şərait üçün əsas tərəfi ölkəmizin ərazi bütövlüyünün təmin olunması, işğalçının torpaqlarımızdan qovulub, çıxarılmasıdır. Heç şübhəsiz həmin hərbi texnikadan perspektivdə bu məqsədlə istifadə edilə biləcəyi ehtimalı da az deyil. Ümumiyyətlə, torpaqları işğal altında olan dövlət və millət kimi onun azad olunmasına hər gün, hər an hazır olmalıyıq. Bunun üçün Azərbaycan ordusunun silahlanmasını təbii qarşılamaq lazımdır".
Gülnarə Eynullaqızı
Sfera.az






