Bu, Rusiyanın ABŞ-a mesajıdır: Rusiya bu addımları atacaq
"Bu, Rusiyanın ABŞ-a mesajıdır. Yəni Rusiya bu addımları ata bilər"
Bu sözləri Sfera.az-a Rusiyanın ABŞ rəhbərliyindəki koalisiyaya məxsus təyyarələrin Fəratın qərb sahilinə keçəcəyi halda nəzarətə götürüləcəyi ilə bağlı açıqlamasında politoloq Natiq Miri deyib.
Politoloq bildirib ki, konkret olaraq ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın təyyarələrinin bu şəkildə nəzarətə götürülməsi ilə təsis olunması gözlənilən deyil:
"Ola bilər ki, nəzarətə götürülsün. Çünki Radiolokasiya sistemləri, raket əleyhinə sistemlər həm Suriya hakimiyyətinin, həm də Rusiyanın nəzdində mövcuddur. Və Suriya ərazisində yerləşdirilib. Onlar aktivləşdirildiyi təqdirdə təbii ki, istənilən uçan obyektlər bilavasitə qeyri-iradi olaraq nəzarətə götürüləcək. Ancaq nəzarətə götürülməsi bir məsələdir, uçağın vurularaq raketlə düşürülməsi ikinci məsələdir. Birinci məsələdə ola bilsin ki, bütün uçan obyektlər Rusiyanın nəzarətində olsun. Ancaq qırıcı təyyarələrin vurularaq düşürülməsinə Rusiya heç bir zaman cəsarət etməz. Çünki belə bir olay artıq çox ciddi savaş səbəbidir. Ayrıca, əgər belə bir hadisə baş verərsə, bu ABŞ-ın və onun müttəfiqlərinin əlində çox ciddi bəhanələrin yaranmasına səbəb olacaq. Bu gün raket əleyhinə sistemlər və bundan da ötəsi ABŞ və müttəfiqlərində mövcuddur. Əgər bütün bu sistemlər Suriya ərazisinə gətirilsə, gələcəkdə böyük qarşıdurma olacaq. Bu qarşıdurmada da Rusiya udan tərəf olmayacaq. İranın da daxil olduğu böyük savaşın baş verməsinə gətirib çıxaracaq".
Qeyd edək ki, ABŞ rəhbərliyindəki koalisiya qüvvələrinin Rakka səmasında İŞİD-ə zərbə endirən Suriya qırıcısını vurmasından sonra Rusiya Müdafiə Nazirliyi sərt açıqlama yayıb. Açıqlamada ABŞ-la Suriyada terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlıqdan imtina edildiyi bildirilib və Fərat çayının qərbinə keçən koalisiyaya məxsus təyyarə və uçan aparatların Rusiya hava hücumundan müdafiə sistemlərinin nəzarətində olacağı vurğulanıb.
Gülnarə Eynullaqızı
Sfera.az






