Prezident və xanımı sərgi ilə tanış oldu -VIDEO
Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgisində Azərbaycan ilə yanaşı, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, Kipr, Ukrayna, İspaniya, Rusiya, Portuqaliya, Macarıstan və Lüksemburqdan 100-ə yaxın brend tikinti və inşaat layihələri nümayiş olunur.
Burada nümayiş olunan stendlər barədə prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya ətraflı məlumat verildi. Burada son illərdə Azərbaycanda əmlak-torpaq idarəçiliyi və özəlləşdirmə sahəsində əldə olunan nailiyyətlər nümayiş etdirilir. Dövlət başçısına Əmlak Məsələləri Dövlət Komitəsinin məhsulu olan Ünvan Reyestri İnformasiya Sisteminin məlumatları əsasında hazırlanmış ilk milli naviqasiya sistemi - AzNav barədə məlumat verildi. Həm onlayn, həm də oflayn rejimdə işləmək imkanlarına malik bu sistem Android, iOS, vindous CE əməliyyat sistemlərində olan bütün növ mobil cihazlarda, eyni zamanda, telefon və planşetlərdə çalışır.
Stenddə özəlləşdirmə prosesi, yaradılmış investisiya mühiti, daşınmaz əmlakın dövlət reyestri sahəsində innovasiyalar, əmlak xidmətləri üzrə elektron və onlayn imkanlar, ünvan-naviqasiya sistemi və digər iri layihələr barədə əyani məlumatlar çatdırılır.
Həmçinin özəlləşdirmə prosesini daha optimal, rahat şəkildə həyata keçirmək üçün yaradılmış özəlləşdirmə portalında hərraca çıxarılan əmlaklar və onlara sifariş qaydaları, eləcə də hərrac prosedurları barədə məlumat verilir.
Dövlət başçısı burada təmsil olunan yerli və xarici şirkətlərin stendlərinə də baxdı. Burada daşınmaz əmlak və tikinti sektorunun ən son naliyyətləri habelə ölkədə icra olunan nəhəng layihələrin maketləri nümayiş olunur.






