Tender elanından sonra yaranan şirkət 50 mini necə uddu? – Müəmmanın izi ilə…
Tenderdən 15 gün əvvəl yaranmış şirkət tenderin qalibi olub. Sfera.az xəbər verir ki, belə bir inanılmaz hadisə Azərbaycanda yaşanıb.
Belə ki, Ağstafa şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi "Palma-Z” MMC həmin tender elanından sonra təsis edilib. Qanuna əsasən isə satınalmalarda iştirak edən şirkətlərin mütləq şəkildə müvafiq sahədə peşəkarlığı, təcrübəsi, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi və etibarlılığı olmalıdır. Tenderin elanından sonra yaranan şirkətin nə təcrübəsi, imkanı, səriştəsi və bacarığı ola bilər ki? Sualın cavabını isə yəqin ki, Seymur Orucov bilər.
Qeyd edək ki, Ağstafa şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyi Ağstafa rayon İcra Hakimiyyətinə tabedir. Hazırda Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Vaqif oğlu Orucovdur. O, bu posta 2 il əvvəl təyin olunub. YAP Gənclər Birliyinin sədri olmuş Seymur Orucov eks deputat Şəmsəddin Hacıyevin kürəkəni, Həmkarlar İttifaqı Konfederasiyasının sədri Səttar Mehbalıyevin isə bacısı oğludur. Xatırladaq ki, Seymur Orucovdan əvvəlki icra başçısı rüşvətə görə həbs edilmiş və həbsxanada dünyasını dəyişmişdi.
Natiq






