Logo

Rusiyanın nüvə silahından istifadəsi beynəlxalq hüquqa ziddir - “Ancaq bu Putindir...”

Rusiyanın nüvə silahından istifadəsi beynəlxalq hüquqa ziddir - “Ancaq bu Putindir...”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ukrayna ilə müharibədə istədiyi nəticəni ala bilməyən Rusiya Prezidenti Vladimir Putin bu dəfə də orduya nüvə triadasının hazır olması əmrini verib. Kreml rəhbərinin nüvə silahlarını döyüş vəziyyətinə gətirməsi proseslərin tədricən nüvə müharibəsi etapına keçdiyindən xəbər verir.

Maraqlıdır, Rusiya Ukrayna ilə müharibədə nüvə silahından istifadə edə bilərmi? Ümumiyyətlə, beynəlxalq hüquqa görə nüvə dövlətləri hansı hallarda bu silahdan istifadə edə bilər?
 

Mövzu ilə bağlı beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev deyib ki, beynəlxalq hüquqa görə, Rusiya Ukrayna ilə müharibədə nüvə silahından istifadə edə bilməz.

"Məsələ ondadır ki, nüvə silahlarının yayılması üçün konkret müqavilə var. Bundan başqa nüvə silahına malik olan ölkələr ehtimal edilən hər hansı müharibə zamanı bir-birinə qarşı bu silahdan istifadə etməyəcəyinə dair öhdəlik götürüb. Qeyri-nüvə dövlətlərinə qarşı isə ümumiyyətlə bu silahdan istifadə edilməsi qadağandır. Ukrayna da qeyri-nüvə dövləti olduğuna görə, Rusiyanın bu ölkəyə qarşı nüvə silahından istifadə etməsi hüquqi baxımdan mümkün deyil”.

Ekspertin sözlərinə görə, NATO Ukraynaya birbaşa dəstək versə də nüvə silahından istifadə etməyəcək:

"Müharibə Ukrayna ərazisində gedir. Buna görə də NATO Ukraynaya birbaşa hərbi yardım etsə də, nüvə silahından istifadə etməyəcək. NATO-nun müharibəyə nüvə silahı olmadan qatılması Kremlin bu silahdan istifadə etməsinin qarşısını alacaq. Ümumiyyətlə, Beynəlxalq Ədalət məhkəməsinin belə bir qərarı var ki, dövlətin mövcudluğuna təhlükə yaranacağı təqdirdə həmin dövlət nüvə silahından istifadə edə bilər. Misal üçün bu gün Kamçatka, yaxud Rusiyanın başqa bir ərazisinə hərbi müdaxilə olsa belə Rusiya nüvə silahından istifadə edə bilməz. Rusiya yalnız paytaxtına doğru ordu yeridiləcəyi təqdirdə bu silahdan istifadə edə bilər ".

F. Mehdiyevin sözlərinə görə, Putin beynəlxalq hüquqa əməl etmir:

"Prinsip etibarilə Rusiyanın Ukraynaya hərbi müdaxiləsi faktiki olaraq beynəlxalq hüququ kobudca pozmaq deməkdir. Kreml Krımı ilhaq edərək də beynəlxalq hüququ tanımadığını sübut etmişdi. Putin anlayır ki, Ukrayna müharibəsində məğlub olmaq onun sonunu gətirə bilər. Buna görə də onun beynəlxalq hüquqa görə nüvə silahından istifadə etməyəcəyini demək çətindir. Bəli, Rusiya beynəlxalq hüquqa görə nüvə silahından istifadə edə bilməz. Ancaq nəzərə almaq lazımdır ki, Putin ardıcıl olaraq beynəlxalq hüququ pozub. Bunu yenə də edə bilər”.

Turan Rzayev

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR