ABŞ Rusiyanı Ukrayna münaqişəsi ilə yorub Çinlə müharibəyə başlayacaq - İDDİA
"Rusiya-Ukrayna müharibəsində maraqlıdır, mövcud gərgin vəziyyəti də onlar yaradıb”.
Bunu Sfera.az-a açıqlamasında politoloq Natiq Miri bildirib. Ekspert buna qədərki gərgin vəziyyətlərin süni şəkildə formalaşdırıldığını deyib:
"ABŞ-ı Ukraynanın müdafiəçisi kimi təqdim etməyin əleyhinəyəm. Doğrudur, ABŞ bu gün Ukraynanı müdafiə edir, silahlar göndərir. Eyni zamanda ABŞ hücum olarsa, Rusiyaya sanksiya tətbiq edəcəyini deyir. Lakin məlum məsələdir ki, Ukrayna ABŞ üçün sadəcə alətdir. Bu proses 2015-ci il sentyabrın 30-da Obama ilə Vladimir Putin arasında BMT səviyyəsində görüşdən bəri davam edir. 2015-ci il sentyabrın 30-da ABŞ Rusiyanın Suriyaya hərbi müdaxiləsinə "yaşıl işıq” yandırdı. Bundan sonra isə Rusiya Liviyaya hərbi müdaxilə etdi və ABŞ buna da göz yumdu. ABŞ Əfqanıstandakı uğursuzluğundan sonra düşünürdü ki, Rusiya oraya müdaxilə edəcək. İndi də Ukrayna məsələsi gündəmə gəlib. Hiss olunur ki, ABŞ bu problemləri süni şəkildə yaratmaqla Rusiyanı tükətmək istəyir”.
Politoloq ABŞ-nin Çinlə müharibəyə başlamaq niyyətində olduğunu qeyd edib:
"Birmənalı olaraq NATO və müttəfiqləri Rusiya ilə üz-üzə gəlmək istəmir. Belə ki, Rusiya-Qərb müharibəsi hər iki tərəfin zəifləməsinə gətirib çıxarar və bu da digər hegemon dövlət olan Çinin maraqlarına uyğun olar. ABŞ isə bunu istəmir. ABŞ-nin məqsədi Rusiyanı zəiflədərək, siyahıdan çıxarmaqdır. Bununla da ABŞ müttəfiqləri ilə birgə Çini zəiflətmək imkanına malik olacaq. Bu səbəblə düşünürəm ki, ABŞ Rusiyanın Ukraynaya hərbi müdaxiləsində maraqlıdır. Əgər uzunmüddətli müharibə başlayarsa, Rusiya bataqlığa düşə bilər. Bu isə ABŞ-nin maraqlarına cavab verir”.Əzizə Zeynal






