Putin SSRİ-ni yeni adla bərpa etməyə çox yaxındır - “ABŞ qətiyyətli olmasa…”
"Putinin Ukraynanın şərq ərazilərini əhatə edən Donetsk və Luqanskı "müstəqil respublika” kimi tanıması və ardınca da bölgəyə qoşun yeritməsi Rusiyanın onun üçün həyati əhəmiyyətli 3-cü vacib dəhlizi – Qara dəniz üzərindən Avropaya və Aralıq dənizinə çıxışını təmin edən yolu da nəzarətinə keçirməsi deməkdir”.
Sfera.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şükürlü qeyd edib.
"Rusiya üçün birinci vacib dəhliz onun İranla və Yaxın Şərqlə yeganə quru əlaqəsini təmin edən Azərbaycan idi ki, ABŞ-dakı prezident seçkilərinin keçirildiyi 3 noyabrdan bir həftə sonra – 10 noyabrda, 44 günlük Qarabağ savaşının yekunu olaraq Rusiya sülhməramalı adı atında bölgəyə yerləşməsini təmin etdi və Bayden administrasiyası da faktla barışmaq məcburiyyətində qaldı. 22.02.2022 tarixdə Rusiya Azərbaycanla müttəfiqlik sazişi imzalamaqla, Qərbin Azərbaycanda qapı dalında qoyulmasını rəsmiləşdirməklə, birinci dəhliz üzərində nəzarətini daha da gücləndirəcək”, - deyə politoloq vurğulayıb.
Elxan Şükürlü 2022-ci ilin yanvarın 2-də Qazaxıstanda baş verən hadisələrin yekunu olaraq Rusiyanın həyati əhəmiyyətli ikinci dəhlizi ələ keçirdiyini bildirib:
"Mərkəzi Asiya üzərindən Hindistanadək uzanan quru yolun giriş qapısı olan Qazaxıstanın nəzarətindən çıxmasının qarşısını aldı, ABŞ-ın işlədiyi əsas siyasi fiqurlar isə həbsə atıldı. İndi Rusiya Ukraynanı iki hissəyə bölərək, gərəkli hissəsini özünə qatmaqla və Baltikyanı republikalar istisna olunmaqla, keçmiş SSRİ ərazisini yenidən başqa bir ad altında öz iqtisadi-siyasi nəzarətinə qaytarmağa müvəffəq olur:
"ABŞ qətiyyətli addım atmazsa, şübhəsiz ki, bu, Amerikanın qlobal liderlikdən geri çəkilməsi və ya Çinə qarşı Rusiya ilə gizli sövdələşməsi kimi qiymətləndirilə, hətta NATO-da da parçalanmalara gətirib çxara bilər. Xüsusən də Türkiyənin bu hərbi blokda qalıb-qalmamaq məsələsi, yəqin ki, yenidən aktuallaşacaq. Çünki Ərdoğan Türkiyəsinin hadisələrə seyrçi münasibəti onu deməyə əsas verir ki, rəsmi Ankara Çin-Avropa sərhədi arası regionda "Yeni Avrasiya”nı Rusiya ilə birgə qurmağa daha çox can atır. Türkiyənin Şuşa Bəyannaməsi ilə müttəfiqlik münasibətini gücləndirdiyi Azərbaycanın Rusiya ilə də müttəfiqlik münasibətini möhkəmləndirməsi Rusiya-Türkiyə-Azərbaycan yaxınlaşmasına artıq yeni məzmun verərək, onu növbəti mərhələyə keçirmiş olur”.
Turan Rzayev





