Mehriban Əliyevanın Birinci vitse-prezident kimi fəaliyyətə başlamasının 5 ili TAMAM OLUR
Bu gün ölkənin birinci xanımı Mehriban Əliyevanın Birinci vitse-prezident kimi fəaliyyətə başlamasından 5 il ötür.
Qeyd edək ki, prezident İlham Əliyevin 21 fevral 2017-ci il tarixli sərəncamı ilə Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib.
Sfera.az ölkənin birinci xanımının həyat və fəaliyyətindən bəhs edən yazını təqdim edir:

Mehriban Əliyeva Birinci vitse-prezident kimi əsas diqqətini sosial məsələlərin, əhalinin aztəminatlı təbəqəsinin problemlərinin həlli üzərində cəmləşdirib. Cəmiyyətin həssas təbəqəsinin, xüsusilə şəhid ailələrinin, müharibə əlillərinin, məcburi köçkünlərin, sağlamlıq imkanları məhdud uşaqların, aztəminatlı ailələrin qayğıları daim onun diqqət mərkəzində olub.
"Gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribanlıq unudulmamalıdır. Əksinə, məhz bu mənəvi dəyərləri uca tutaraq ən yüksək qələbələr əldə etmək, ən böyük zirvələrə qalxmaq olar. Mən sizi əmin edirəm ki, gələcək fəaliyyətimi məhz bu prinsiplər əsasında qurmağa çalışacağam. Ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacağam, Azərbaycana layiqincə xidmət etməyə çalışacağam”.
Bu sözləri Mehriban Əliyeva 2017-ci ildə Birinci vitse-prezident kimi ilk çıxışında səsləndirmişdi. Azərbaycanın iqtisadi inkişafı və xalqımızın rifahı naminə qarşısına qoyduğu məqsədlərə nail olmaqla bağlı üzərinə ali missiya və yeni öhdəliklər götürən Birinci vitse-prezident Mehriban Əliyeva ötən 5 il ərzində bu yüksək və məsul vəzifədə gördüyü işlərlə dövlətimizin başçısının və xalqımızın etimadını layiqincə doğruldur.Mehriban Əliyevanın Vitse-prezident kimi fəaliyyəti...

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilən Mehriban Əliyeva vəzifəsini icra etdiyi son 5 il ərzində işinin öhdəsindən layiqincə gəlməyi bacarıb. Onun vəzifəsinin icrasına başladıqdan qısa müddət sonra - 2017-ci ilin may ayında IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Qızlara təhsil verməklə zorakı ekstremizmə qarşı mübarizə” mövzusunda "dəyirmi masa”nın təşkil etməsi xalqın içərisindən biri olduğunun, cəmiyyətin mövcud problemləri haqqında bilgili olmasının və gender bərabərliyinə xüsusi önəm verməsinin göstəricisi idi. Yəni vəzifəyə təyin olunduğu ilk günlərdən etibarən, Mehriban Əliyeva vətəndaş amilini rəhbər tutaraq, həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə xalqı üçün, insanlıq üçün böyük mücadiləyə qoşuldu.
Qarabağ mədəniyyətini dirçəldəcək XANIM…

Bundan başqa, vitse-prezident kimi fəaliyyət göstərməsinin 3-cü ili Vətən müharibəsinə təsadüf edən xanım Əliyeva bu sınaqdan da üzü ağ çıxaraq bütün müstəvilərdə həmişə olduğu kimi, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında da önə çıxmağı bacardı.
Hələ İkinci Qarabağ müharibəsindən əvvəl də Mehriban Əliyeva Qarabağın tarixini, münaqişənin mahiyyətini beynəlxalq ictimaiyyətə çatdırmaq üçün dünyanın aparıcı dövlətlərinin paytaxtlarında və böyük şəhərlərdə dünya ictimaiyyətinin diqqətini çəkərək müxtəlif elitaları bir araya toplamağı bacarıb. Bəli, Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında və haqlı tərəfin sübut və faktlarla nümayişinin altında böyük bir imza var - Mehriban Əliyeva imzası...
Dövlət başçısı İlham Əliyevin siyasi iradəsinin davamçısı və ifadəçisi olan Mehriban Əliyeva demək olar ki, fəaliyyətinin bütün dövrlərində şəhid və qazi ailələrinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində mühüm işlər həyata keçirib. Məhz ötən ilin sonunadək Prezident İlham Əliyev və Mehriban Əliyevanın birgə səyi ilə 3 min şəhid və qazi ailəsinə mənzil və fərdi ev verilməsi planlaşdırılıb.
Eyni zamanda Mehriban Əliyeva Vətən müharibəsi qazilərinin müalicə və reabilatasiyası üçün də əlindən gələni edərək, onların rahatlığının təmin olunmasında misilsiz xidmətlər göstərməkdədir.

44 günlük Vətən müharibəsinin əbədiləşdirilməsi, şəhid və qazilərin qəhrəmanlığının əyani təsviri üçün yaradılan Zəfər muzeyində də Mehriban Əliyevanın imzası, yaradıcı ruhu var.
2021-ci il prezident İlham Əliyevlə birgə işğaldan azad olunan ərazilərə səfər edən xanım Əliyeva Qarabağda həyatın yenidən formalaşacağı, mədəniyyətin dirçələcəyi ilə bağlı ən ali təminatçılardan biridir.
Ümummilli liderin irsinin qoruyucusu və davamçısı…
Birinci vitse-prezidentin fəaliyyət istiqamətləri içərisində Heydər Əliyev Fondunun rolunu xüsusi qiymətləndirmək lazımdır. Mehriban Əliyevanın rəhbər olduğu Heydər Əliyev Fondunun əksər layihələri, istər təhsil sahəsində, istərsə də səhiyyə sahəsində, məhz uşaqlara istiqamətlənib. Bu layihələrə Mehriban Əliyeva xüsusi can yandırır, ürəklə yanaşır. Uşaqlar da bu fədakarlığı duyaraq, onu fərqli məhəbbətlə sevirlər.

Hələ 1995-ci ildə "Azərbaycan Mədəniyyətinin Dostları” Xeyriyyə Fondunu yaradaraq mədəniyyət və incəsənətin inkişafında çoxşaxəli işlər görən Mehriban Əliyevanın milli-mənəvi dəyərlərimizin qorunub- saxlanılması və yaşadılmasında mühüm xidmətləri də danılmazdır.
Mədəniyyətlərarası dialoqun təşkili və təşviqi istiqamətində Heydər Əliyev Fondunun BMT-nin ən mötəbər qurumlarından olan UNESKO ilə əlaqələrini xüsusilə qeyd etmək lazımdır. Mehriban xanım Əliyevanın fəaliyyəti nəticəsində Azərbaycan muğamı, aşıq və tar ifaçılığı sənəti, Azərbaycan xalçası və kəlağayısı UNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.
Bundan başqa, qədim və zəngin Azərbaycan tarixinin mücəssiməsi olan Qobustan kompleksinin 2007-ci ildə UNESCO-nun Mədəni İrs Siyahısına daxil edilməsini də xüsusilə qeyd etmək yerinə düşər. Qobustan abidələrinin bu cür yüksək səviyyəli siyahıya daxil edilməsi birmənalı şəkildə məhz Mehriban xanımın danılmaz xidmətidir. UNESKO və İSESKO-nun xoşməramlı səfirinin tarixi bayramımız olan Novruz bayramının, hər naxışında tarix yatan Azərbaycan xalçası kimi mədəniyyət nümunələrinin də UNESKO-nun Mədəni İrs Siyahısına salınmasında birbaşa rolu var.
Bütünlüklə tarix, zəngin mədəniyyət qoxuyan Azərbaycanın bundan sonra Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu sayəsində dünyanın mədəni irs siyasında daha dayanıqlı, işıqlı mövqe tutacağından şübhə duyulmur.
Son olaraq, birinci xanımı beş il boyunca vəzifəsini layiqincə, xalqın sevgisini qazanaraq icra etməsi münasibəti ilə təbrik edir, hər zaman sağlam, təravətli və belə işıqlı qalmasını arzu edirik...
Dərin sevgi, hörmət və ehtiramla,Sfera.az saytının kollektivi!






