Tahir Kərimli ölümlə hədələnən yeganə deputat deyil: “Başını kəsəcəyik…” – SİYAHI
Deputat Tahir Kərimli Rusiyada yaşayan şəxs tərəfindən ölümlə təhdid edildiyini bildirib. Xatırladaq ki, millət vəkilinin təhdid olunduğu iki gün öncə sosial şəbəkələrdə yaydığı qalmaqallı videodan sonra bəlli olmuşdu.
Sfera.az-ın əməkdaşı mövzunun aktuallığını nəzərə alaraq, idiyədək ölümlə hədələnən deputatlar barədə araşdırma aparıb.
Ölümlə hədələnməsi ictimai seqmentə məlum olan deputatların siyahısı belədir:

2009-cu il yanvarın 9-da Nardaran qəsəbəsində keçirilən mitinq zamanı Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlını mitinq iştirakçıları ölümlə hədələmişdilər. Deputatı təhdid edən şəxslərə qarşı Cinayət Məcəlləsi 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsi ilə cinayət işi qaldırılmışdı.

2014-cü ildə sabiq deputat Gülər Əhmədovaya qarşı Bakı İstintaq Təcridxanasında saxlanılarkən qadınlar üçün nəzərdə tutulmuş cəzaçəkmə müəssisəsindən ölüm təhdidi gəlib. Millət vəkili bu təhdidi iqtidar mənsubu olması ilə əlaqələndirirdi.

2018-ci ildə isə sabiq millət vəkili Etibar Hüseynov AAAF PARK-ın prezidenti Tofiq Heydərovun onu ölümlə təhdid etdiyini bildirib. Eks deputat jurnalist Tamilla Qulaminin statusuna yazdığı şərhə görə Tofiq Heydərovun onu təhdid etdiyini deyirdi.

2019-cu ildə sosial mediada fəallığı ilə seçilənmillət vəkili Fazil Mustafa ölümlə təhdid edilmişdi. Deputat onu ölümlə hədələyən şəxslərin DİN tərəfindən araşdırılmalı olduğunu demişdi. Millət vəkilinə qarşı sosial şəbəkələrdə "bu deputat öldürülməlidir”, "Fazil Mustafanın başını kəsmək lazımdır” kimi çağırışlar edilirdi.

Ötən il isə Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının sədri, Milli Məclisdə Xankəndini təmsil edən deputat Tural GəncəliyevErmənistan parlamentinin əməkdaşı Lilit Gyozalyanın təhdidinə məruz qalıb. Ermənistan parlamentinin xarici əlaqələr komitəsinin əməkdaşı Tural Gəncəliyevin Şuşa ilə bağlı paylaşımına "həbsxanada başını kəsəcəyik"-, deyə şərh yazıb.
Əzizə Zeynal






