Dünyanın gözü təqvimdə - Baydenin vəd etdiyi “16 fevral fəlakəti” gerçəkləşəcəkmi?
ABŞ Prezidenti Co Bayden fevralın 16-da Rusiyanın Ukraynaya hücum edəcəyini bildirmişdi. Rusiya tərəfi isə belə bir hücumun olmayacağını, Vaşinqtonun saxta ajiotaj yaratdığı açıqlamasını vermişdi.
Maraqlıdır, ABŞ Prezidenti Co Baydenin iddia etdiyi kimi Rusiya bu gün Ukraynaya hücum edəcək, yoxsa Kreml geri addım atacaq?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Siyasi şərhçi Asif Nərimanlı deyib ki, ABŞ və Böyük Britaniya həm siyasi vasitələrlə, həm də media üzərindən bu gün "nəsə baş verəcəyin”dən bəhs edir.
Onun sözlərinə görə, Britaniyanın baş naziri Boris Conson Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə telefon söhbətində "dünyanın yaxın saatlarda ayıq olmasını” müzakirə ediblər:
"Bayden Putinlə dialoqun davam etdirilməsinə razılaşdığını bildirib, eyni zamanda, "bütün ssenarilərə hazır olduqlarını” bəyan edərək, NATO torpaqlarını qoruyacağını deyir. Vaşinqton bununla "işğal günü”ndən öncə Rusiyaya "sonuncu xəbərdarlığını” edir, lakin həm də beynəlxalq ictimaiyyətdə 16 fevral ssenarisinə inamı gücləndirir. Zelenski isə 16 fevral tarixini Milli Birlik günü elan etdi və bu, Rusiya təhlükəsinə qarşı həmrəylik nümayişi olmaqla yanaşı, Qərbdə "hücum günü” ilə bağlı yaradılan təşvişə qarşı gedişdir. Rəsmi Kiyev müharibə haqda informasiya axınının səbəb olduğu iqtisadi itkiləri mümkün qədər azaltmağa çalışır. Rusiya israrla hücum etməyəcəyini desə də, dünyanı inandıra bilmir”.
Digər müsahibimiz "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin Qərb liderlərindən aldığı müxtəlif xəbərdarlıqlar qarşılığında Ukrayna ilə sərhəddən qoşunlarını geri çəkməyə qərar verib:
"Bununla belə Dövlət Dumasının Donbas separatçılarını tanımaq məqsədilə Vladimir Putinə müraciət etməsi diqqət çəkir. Bəllidir ki, Dövlət Dumasında çoxluq Putinin nəzarəti altındadır. Deməli, Dövlət Duması məhz Kreml sahibinin istəyi ilə "separatçıların tanınması müraciətinin” məhz fevralın 15-də ona təqdim edilməsini təşkil edib. Kreml sahibinin məqsədləri isə bunlardır:
1) Qərbin təzyiqləri qarşısında tam güzəştə getmədiyini göstərmək;
2) Ukraynaya qarşı təzyiqi "separatçıları tanıyaram” formasında davam etdirmək.
Putin bundan sonra da "demokl qılıncını” Kiyevin başı üzərində saxlayacaq. Onun separatçıları rəsmən tanıması Minsk razılaşmalarından çıxması anlamına gələcək. Putin hazırda bu addımı atmaq istəmir, çünki özü Kiyevdən həmin razılaşmaların yerinə yetirilməsini tələb edir. Ancaq Kreml sahibi "separatçıları tanıya biləcəyi” alətini daima əlində saxlayacaq ki, istənilən an ondan istifadə edə bilsin”.
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi sədri Samir Hümbətov isə hesab edir ki, keçən il olduğu kimi bu il də Rusiya Ukrayna sərhədindən qoşunlarını geri çəkəcək:
"Rusiya silahlı qüvvələrinin bir hissəsi təlimlərin başa çatması ilə əlaqədar olaraq qoşunların geri çəkilməsini həyata keçirir. Görünən odur ki, Rusiya Qərbin iddia etdiyi kimi Ukraynanı işğal etmək niyyətində deyil. Rusiya yaxşı başa düşür ki, indiki halda Ukraynaya müdaxilə edərsə, bu, dünya birliyi, xüsusilə də Qərb ölkələri tərəfindən işğal faktı kimi dəyərləndiriləcək və Qərbin ona qarşı sanksiyalar paketinin işə düşməsinə şərait yaradacaq. Ona görə də digər variantı seçmiş oldu. Yəni Gürcüstanda olduğu kimi, amma fərqli formada. İndi Rusiya Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıdığı kimi qondarma Donesk və Luqansk Respublikalarının da müstəqilliyi tanımağı hədəfləyir. Görünən ssenari bundan ibarətdir ki, Rusiya sözügedən "respublikalar"ın müstəqilliklərini tanımağa çalışacaq. Daha sonra həmin "respublikalar"la təhlükəsizlik və əməkdaşlıqla bağlı müqavilə imzalaya bilər ki, bununla da Ukraynanın həmin əraziləri özünə birləşdirmək cəhdləri demək olar ki, tamamilə azalmış olacaq”.
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov da hesab edir ki, Rusiya ilə Ukrayna arasında müharibə olmayacaq:
"Doğrudur, bəzi dövlətlər, o cümlədən Kanada Ukraynanı silahlandırmaqda davam edir. Amma bu, Kiyevin müharibəyə başlayacağını demək üçün əsas deyil. Yaxşı bir ifadə var, sülh istəyirsənsə, savaşa hazır olmalısan. Ukrayna Rusiya ilə mübarizə aparacaq gücdə deyil. Moskva isə başa düşür ki, hücuma keçsə Qərblə toqquşmalı olacaq. Ona görə də əslində tərəflərdən heç biri müharibə istəmir. Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov bildirib ki, Kreml danışıqlara hazırdır. O, Rusiyanın diplomatik həll variantında israrlı olduğunu xatırladıb. Bu, Moskvanın hərbi əməliyyatlar istəmədiyini bir daha təsdiqləyir.
İndi Rusiya da, Ukrayna da ümumi məxrəcə gəlməyə, belə demək mümkünsə, "qızıl ortanı" tapmağa çalışırlar. Onlardan heç biri geri çəkilmək istəmir. Deməli, hər ikisi proseslərdən uduşlu çıxmalıdır”,Turan Rzayev






