Məxfi Rusiya - NATO anlaşması: “Krım məsələsində dəyişiklik yoxdur, Donbasla Luqanskda isə...”
NATO-nun baş katibi Yens Stoltenberq NATO-nun Rusiya ilə bağlı məsələdə siyasi həll yollarını tapmağa ciddi hədəfləndiyini deyib. O, alyans tərəfindən Rusiyaya konkret təkliflərin təqdim olunduğunu bəyan edib.
Maraqlıdır, NATO və Rusiya arasında razılaşma hansı şəkildə ola bilər? NATO-nun tələbləri nə olacaq?
Məsələ ilə bağlı Sfera.az-a danışan politoloq Samir Hümbətov NATO-nun Şərqi Avropada raket sistemini geri çəkəcəyini və "açıq qapı” siyasətini davam etdirəcəyini deyib:
"Son günlər Ukrayna ətrafında baş verən proseslərdə səngimə hiss olunsa da, ümumi gərginlik davam edir. Stoltenberqin belə bir açıqlama verməsinin arxasında da bəzi səbəblər dayanır. Bir müddət əvvəl İspaniya mətbuatı belə bir xəbər yaydı ki, Rusiya və NATO arasında razılıq əldə olunub, amma bunu ictimaiyyətə açıqlamayıblar. Düşünürəm ki, NATO Rusiyanın bütün tələblərini yerinə yetirməyib və yetirməyəcək də. Lakin bəzi məsələlərdə geri addım atıla bilər".
Ekspert düşünür ki, NATO "açıq qapı” siyasətini təxirə sala bilməz, amma Ukraynanın təşkilata qəbul edilməsi prosesini bir qədər uzada bilər:
"NATO rəsmi şəkildə Ukrayna və Gürcüstanı quruma qəbul etməyəcəyinə dair açıqlama verməyəcək. Bununla bərabər, NATO Şərqi Avropada raket sistemini müəyyən qədər geri çəkə bilər. Ümumilikdə isə 1997-ci il müqaviləsinə qayıtmağın real olacağını düşünmürəm. Finlandiya və İsveçin NATO-ya üzv olması təxirə düşə bilər”.
Müsahibimiz eyni zamanda Rusiya və NATO arasında müvəqqəti durğunluğun yaranacağını və NATO-nun da bəzi tələblərinin olacağını deyib:
"Tərəflərin hər biri öz maraqlarını ifadə edir və reallaşdırmağa çalışır. Bütün bunların qarşılığında isə NATO Rusiyadan Ukrayna ətrafında gərginliyin azaldılmasını, qoşunların geri çəkilməsini və Donbasla Luqanskda separatçılara dəstəyi azaltmağı tələb edə bilər. Krım məsələsində isə prinsipiallıq öz yerindədir və Rusiya Krımı geri qaytaran deyil. Tərəflər arasında ancaq müvəqqəti durğunluğun yaranması üçün razılaşma əldə edilə bilər, geri addım atılmayacaq”.Əzizə Zeynal






